Bitmiş layihələr

ISO 9001:2015 beynəlxalq standartının
azərbaycan dilinə tərcümə edilməsi Layihəsi

Ölkəmizdə keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi, məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin tətbiqinin dəstəklənməsi dövlət siyasətinidə prioritet istiqamətlərindən biri kimi nəzərdə tutulur.

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramın”da sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, sənaye müəssisələri tərəfindən standartların tətbiqinə və beynəlxalq keyfiyyət sertifikatlarının alınmasına köməklik göstərilməsi ilə bağlı təkliflərin hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi, bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli Sərəncamı, həmçinin dövlətimizin başçısının 2015-ci il oktyabrın 5-də “Xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər alması, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanında yerli məhsulların ixracı üçün tələb olunan maddi və texniki dəstəyin verilməsini nəzərdə tutulub.

Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanıb.

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində biznes mühitinə dəstək, məhsulların təhlükəsizliyinin təmin edilməsi və keyfiyyətin artırılmasına xidmət edən standartlaşdırmanın, o cümlədən beynəlxalq standartların hazırlanması ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib.

Dövlət Proqramından və Prezidentin sözügedən sərəncam və fərmanlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə kömək etmək məqsədilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi 2016-cı ildə yeni layihəyə başlamış və bu layihə çərçivəsində Assosiasiyasının aparıcı mütəxəssisləri tərəfindən ISO 9001:2015 beynəlxalq standartı Azərbaycan dilinə tərcümə edilib.

Standartın Azərbaycan dilinə tərcümə olunmasında əsas məqsəd ölkəmizdə məhsul və xidmətlərin keyfiyyətli və rəqabətə davamlı olması sahəsində marifçilik işlərinin aparılmasına, keyfiyyətin idarə edilməsi üzrə ISO 9001:2015 standartının təbliğinə kömək etməkdən, yerli müəssisələrimizdə bu standartın düzgün başa düşülməsi və tətbiqi üzrə fəaliyyətləri dəstəkləməkdən ibarətdir.

Tərəfdaşlar