Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir
Heydər Əliyev
Qloballaşan dünya cəmiyyət həyatının sosial - ictimai, siyasi, mədəni, iqtisadi həyatının bütün sahələrində bir sıra yeni yanaşmaların meydana gəlməsini obyektiv zərurətə çevirir.
Dövlət idarəetməsindən başlamış ən kiçik biznes strukturlarının təşkili, uğurlu fəaliyyətinin təminatı üçün ümumişlək termin olaraq qəbul edilən konsaltinq - məsləhət xidməti bu cür yeni spesifik anlayışlardan biridir.
İngilis dilində “consulting”, almanca “consulting” sözlərinin əsasında latın dilində konsultasiya, məsləhət, məsləhətçi anlamını əks etdirən “consultatio” sözü dayanır.
Bəzi tədqiqatçılar məsləhəti (konsaltinqi) - məsləhət vermə sənəti hesab edir və haqlı olaraq konsaltinqi idarəetmə sənətinin xüsusi növünə aid edirlər.
Qərbdə konsaltinq xidmətlərinin müasir siyahısı 1950-60-cı illərdə yaranmışdır və həmin dövrü bəzən “konsaltinqin qızıl əsri” adlandırırlar.
XXI əsrin əvvəllərində məsləhət vermə (konsaltinq) anlayışını izah edən kifayət qədər çox təriflər formalaşmışdır.
Bunlardan bəziləri aşağıdakılardır:
Konsultasiya - maraqlı olan təşkilatın problemlərinin araşdırılıb və həll edilməsi istiqamətində müəyyən ixtisaslı müstəqil şəxs tərəfindən göstərilən xidmətdir.
Konsaltinq - mütəxəssisin müştəriyə öz xüsusi bilik və təcrübəsini, bacarıq və səriştəsini təqdim etməsi prosesinə deyilir.
Məsləhətvermə - rəhbərlərə, sahibkarlara və mütəxəssislərə qeyri-standart problemlərin həllində peşəkar köməyin göstərilməsi deməkdir.
Konsaltinq - əsas məqsədi müştərinin problemlərini və konkret sahəni nəzərə almaqla inkişaf perspektivlərinin analizi və əsaslandırılmasından, həmçinin elmi-texniki və təşkilati - iqtisadi innovasiyalardan ibarət olan intellektual fəaliyyət növüdür.
Konsaltinq - şirkət işində ən yüksək idarəedici heyətə əsas problemlərin həllində və sabit uğurun əldə edilməsində göstərilən köməkdir.
Bu cür kifayət qədər geniş tərif McKinsey&Company transmilli konsaltinq şirkəti tərəfindən verilmişdir.
Həmin şirkət idarəetmə konsaltinqi konsepsiyasının banisi hesab edilir.
Faktiki olaraq məsləhət - müəssisə qarşısında dayanan problemlərin həllində kənar məsləhətçilər və məsləhət şirkəti tərəfindən istənilən yardımın göstərilməsidir.
Bununla belə məsləhətin əsas məqsədi müəssisənin idarə edilməsi keyfiyyətinin, bütövlükdə onun fəaliyyətinin effektivliyinin və hər bir işçinin fərdi əmək səmərəliliyinin yüksəldilməsindən ibarətdir.
Məsləhətin son illər ən geniş yayılmış növlərindən biri də idarəetmə sistemləri üzrə məsləhət xidmətləridir. Məsləhət xidmətlərinin bu növü problem və/və ya imkanların müəyyən edilməsi və qiymətləndirilməsi, müvafiq ölçülərin tövsiyə edilməsi və onların reallaşdırılmasında köməyin göstərilməsi daxil olmaqla, idarəetmə məsələsinə dair azad məsləhətlərin və köməyin təqdim edilməsindən ibarətdir.
Müəssisə və təşkilatlarda beynəlxalq standartların və idarəetmə sistemlərinin tətbiqi ilə bağlı fəaliyyətin uğurla həyata keçirilməsi həlledici dərəcədə bu işi yerinə yetirən məsləhət şirkətlərinin hazırlıq və bilik səviyyəsindən, həmçinin onların təcrübəsindən asılıdır.
Müasir tələblər baxımından məsləhət şirkətləri beynəlxalq standartları və idarəetmə sistemlərinin tətbiqi mexanizmini, menecment mədəniyyəti və etikasını, müəssisələrin beynəlxalq iqtisadi əlaqələrinin qurulmasında menecmentin rolu və hüquqi aspektlərini bilməlidir.
İdarəetmə sistemlərinin yaradılması və ya mövcud sistemlərin təkmilləşdirilməsinə yönəlik dəyişikliklərin edilməsi bu sahədə mükəmməl biliyi və təcrübəsi olan şirkət və ya mütəxəssislər tərəfindən yerinə yetirilə bilər.
Məsləhət xidmətindən istifadə edildiyi zaman iş prosesi bir qayda olaraq məsləhət şirkətinin və ya məsləhətçinin tövsiyələri əsasında aşağıdakı mərhələlər üzrə həyata keçirilir:
A.1 İlkin qiymətləndirmə və təklifin hazırlanması
А.1.1 İlkin qiymətləndirmə və müqavilənin bağlanması özündə aşağıdakıları ehtiva edir:
a) təşkilatın tələbatlarının, tələblərinin və məqsədlərinin ali rəhbərliyin nöqteyi - nəzərindən müəyyən edilməsi;
b) təşkilatın eyniləşdirilmiş tələbatlarının, tələblərinin və məqsədlərinin ilkin qiymətləndirilməsinin keçirilməsi. Bu qiymətləndirmə zamanı aşağıdakılar nəzərə alınmalıdır:
1) istehlakçıların tələbləri,
2) müvafiq standartların tələbləri,
3) qanunverici və məcburi tələblər,
4) istehsal və idarəetmə metodları,
5) qarşıya qoyulmuş məqsədlər ilə təşkilatın müəyyən olunmuş cari vəziyyəti arasındakı fərqlər.
c) təşkilatın keyfiyyəti idarəetmə sisteminin tələbatlara, tələblərə və məqsədlərə, həmçinin a və b bəndində göstərilən tələblərə uyğunluğuna nail olmaq üçün onun fəaliyyətinin sənədləşdirilməsi;
d) c bəndində göstərilənlərə uyğun olaraq keyfiyyəti idarəetmə sisteminin tətbiqi ilə bağlı müqavilə üçün təkliflərin hazırlanması və təşkilatın ali rəhbərliyinə təqdim olunması.
А.1.2 Müqavilədə bütün məsələlər aydın şəkildə ifadə olunmalı və o, özündə aşağıdakıları əks etdirməlidir:
a) keyfiyyəti idarəetmə sistemi üzrə məsləhət xidmətinin tətbiq sahəsini;
b) keyfiyyəti idarəetmə sisteminin tətbiqi üzrə fəaliyyətin planlaşdırılmasını;
c) məsləhətçi ilə təşkilat arasında öhdəliklərin bölüşdürülməsi, onların rol və məsuliyyətləri, həmçinin müqavilə üzrə çıxış məlumatlarının müəyyən edilməsini;
d) təşkilatın daxili resurslarla təminetmə üzrə öhdəliyini;
e) təşkilatın məsləhətçinin fəaliyyəti təminetmə üzrə zəruri xərclərini;
f) monitorinq metodlarını;
g) dəyişikliklərin idarə edilməsi metodlarını;
h) konfidensiallıq tələblərini;
i) tələb olunan standartları;
j) xidmət göstərilməsi tarixi/mərhələlərini;
k) xidmətin dəyərinin ödənilməsi şərtlərini;
l) müqavilənin qüvvədə olma müddətini.
Keyfiyyəti idarəetmə sisteminin tətbiqinə dair nümunələr Cədvəl 1 və Cədvəl 2-də məsləhətçi tərəfindən keyfiyyəti idarəetmə sisteminin tətbiqi prosesinin dəstəklənməsinə dair nümunələr göstərilmişdir.