Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir
Heydər Əliyev
СЕ işarəsi ilə markalanma (fransız dilində Сonformite Europeenne) məhsulların və xidmətlərin Avropa direktivlərinin tələblərinə cavab verdiyini təsdiqləyir və hərfi tərcümədə "Avropa Uyğunluğu" mənasını verir. СЕ markalanması əslində məmulatın Avropa reqlamentlərinə müvafiq olaraq hazırlandığını göstərən onun texniki pasportudur.
Lakin bununla bərabər onu da qeyd etmək lazımdır ki, СЕ markalanması məhsulun keyfiyyətini təsdiq edən işarə deyil və bu nişan ilk növbədə buraxılan məmulatın AB direktivlərinin tələblərinə cavab verdiyini, digər tərəfdən isə onun istehlakçı üçün təhlükəsiz olduğunu göstərən işarədir.
СЕ işarəsi ilə nişanlanan mal əsas tələblərə, yəni təhlükəsizlik, ekoloji təmizlik tələblərinə cavab verdiyi üçün heç bir problem olmadan AB ölkələrinin bazarlarına göndərilə bilər.
AB-nin “köhnə” direktivlərindən fərqli olaraq “yeni” direktivləri Avropa standartlarına (avronormalara) istinadlar edir.
Ona görə də СЕ nişanı ilə nişanlanmış məhsullar standartlara tam uyğun gəlir və həmin məhsulların hər hansı bir uyğunluğa təsdiqlənməsinə ehtiyac yoxdur.
AB direktivlərinə görə СЕ markalanması məcburi prosesdir və bu prosesi həyata keçirmədən Birliyə üzv ölkələrdə ticarət əməliyyatlarının aparılması Avropa qanunvericilində qanun pozuntusu hesab olunur və bununla bağlı müvafiq sanksiyalar, hətta cinayət məsuliyyəti nəzərdə tutulur.
1. СЕ işarəsi (СЕ Mark) mal və ya texniki məlumatlar olan lövhənin üzərində vurulan zaman o aydın nəzərə çarpmalı və silinməməlidir. Əgər məhsulun xarakteristikası СЕ işarəsinin malın üzərində qeyd olunmasına imkan vermirsə, o halda həmin işarə ya məmulatın qabının, ya da onu müşayiət edən sənədlərin üzərinə vurulmalıdır.
2. СЕ işarəsi (СЕ Mark) malın bazara göndərilməsinə qədər onun üzərinə vurulmalıdır. Bu zaman həmin işarənin yanında onun təhlükəli və ya xüsusi tətbiq edilmə qaydalarını göstərən piktoqram və ya hər hansı digər işarə qeyd olunan bilər.
3. СЕ işarəsi (СЕ Mark ) ilə markalanmadan sonra məmulatın üzərində istehsal mərhələsində nəzarəti həyata keçirən rəsmi orqanın identifikasiya nömrəsi qeyd olunmalıdır. İdentifikasiya nömrəsi həmin rəsmi orqanın özü, ya da onun göstərişi əsasında məmulatı hazırlayan firma və ya həmin firmanın nümayəndəsi tərəfindən vurulur.
4. AB-nə üzv dövlətlər СЕ işarəsi (СЕ Mark ) ilə markalanmanın müvafiq tətbiqi mexanizminin tənzimlənməsi istiqamətində addımlar atır və markalanmadan sui-istifadə edilməsi hallarına qarşı tədbirlər görürlər. Bundan başqa üzv dövlətlər qeyd olunan hər hansı sui-istifadə hallarına qarşı sanksiyalar tətbiq edirlər. Bu sanksiyalar həm də ciddi pozuntulara yol vermiş şəxslərin və şirkətlərin məsuliyyətə cəlb olunmasını nəzərdə tutur.