Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com


Elanlar


Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

ISO 9001:2008 standartının tətbiqindən əldə olunan səmərələr

Elxan Mikayılov

Müasir bazar iqtisadiyyatı şəraitində ISO 9001:2008 standartının tətbiqi artıq mühüm zərurətə çevrilmişdir. Bazarda uğurlu fəaliyyət göstərmək və rəqabətə tab gətirmək istəyən müəssisə mütləq ISO 9001:2008 standartını tətbiq etməlidir, çünki, bazar bu standarta artıq məcburi xarakter verməklə onu yeni bir səviyyəyə qaldırmışdır.

Əksər iri müəssisələr təchizatçılarını seçərkən onların ISO 9001:2008 standartına uyğun menecment sisteminə malik olmasını əsas göstərici kimi götürürlər.
Digər tərəfdən, xarici ölkələrə öz məhsul və xidmətlərini ixrac etmək istəyən ölkə inkişaf etmiş ölkələrdə özünə ticarət tərəfdaşı tapmamışdan əvvəl həmin standartı tətbiq edir, çünki, bunu ondan tələb edəcəklər.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü yerli müəssisələr üçün böyük imkanlar açmaqla yanaşı, onlar tərəfindən beynəlxalq standartların tətbiqini də labüd edir. Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) verdiyi məlumata görə artıq dünyada 800 minə yaxın müəssisə, eləcə də Azərbaycanda 200-dən çox müəssisə həmin beynəlxalq standartı tətbiq edir. Bu standartın belə geniş tətbiq edilməsinin səbəbini araşdırmaq üçün standartın tətbiqindən əldə olunan səmərələrin sistemli şəkildə şərh edilməsi mühüm zərurət kəsb edir. Odur ki, həmin səmərələri müəssisədaxili və xarici olmaqla təsnifləşdirərək şərh edək.

Daxili səmərələr

1. Menecmentin səmərəli təşkili. Məlum olduğu kimi ISO 9001 standartı əsasən müəssisənin menecment sisteminin fəaliyyətinin effektiv təşkilinə yönəlib. Bununla müəssisənin istehsal etdiyi məhsul və xidmətlərin keyfiyyətinin düzgün idarə edilməsinə nail olunur. Bu standartın tətbiqi nəticəsində müəssisə daxilində olan proseslərin hər biri müəyyənləşdirilir və həmin proseslər ayrılıqda idarə olunur. İdarəetmənin bu cür proseslər üzrə aparılması onun daha dəqiq və effektiv olmasına imkan verir. Standartın tətbiqi ilə həmçinin, hər bir əməliyyat üzrə cavabdeh şəxslər və onların səlahiyyətləri müəyyənləşdirilir ki, bu da işlərin yerinə yetirilməsinə cavabdehliyin formalaşmasına səbəb olur. Digər tərəfdən, sənədləşdirmənin yüksək səviyyədə təşkili sonda menecmentin də keyfiyyətli olmasına təkan verir. Beləliklə, müəssisənin rəhbərliyi və aparıcı şəxsləri müəssisənin işini daha asan və sistemli şəkildə idarə edə bilirlər.

2. İşçilərin peşəkarlığının yüksəlməsi. ISO 9001 standartının əsas hədəflərindən biri də insan resurslarının düzgün idarə olunması və onların peşəkarlığının yüksəldilməsidir. Məhz bu səbəbdən standartın 6-cı bölməsində insan resurslarının idarə edilməsinə dair ayrıca yarımbölmə daxil edilmişdir. Standart işçilərin işə götürülməsi zamanı və iş müddətində onların peşələrinə aid biliklərə olan ehtiyaclarının müəyyənləşdirilməsi və onlara mütəmadi təlimlərin keçirilməsi, hər bir işçinin səlahiyyətinin müəyyənləşdirilməsi və həmin səlahiyyətləri çərçivəsində sərbəst fəaliyyətinə şərait yaradılması, istənilən səviyyəli işçilərin qərar qəbul edilməsi prosesində iştirakına imkan verilməsi, rəhbərliklə işçilər arasında qarşılıqlı rəğbətin formalaşdırılması, konkret işçidən aslılığın azaldılması, işçilərin stres və bu kimi hallardan uzaq olması və istirahətlərinin təmin olunması kimi məsələlərin düzgün təşkilini tələb edir. Bütün bunlar sonda müəssisənin hər bir işçisində müəssisənin biznes fəaliyyətinə töhfə vermək və yeni ideyalarla çıxış etmək təfəkkürünün formalaşmasına və yalnız ona verilmiş tapşırığı yerinə yetirmək kimi düşüncədən çıxmasına gətirib çıxarır.

3. İstehsalın və xidmətin səmərəli təşkili və məhsuldarlığın artırılması. ISO 9001 standartının əsas hədəflərindən biri də müəssisənin istehsal etdiyi məhsul və ya xidmətin keyfiyyətli olmasını təmin etmək məqsədilə istehsalın və ya xidmət təchizatının səmərəli təşkilidir. Standartın 7-ci bölməsindəki tələblər məhz bu məsələyə həsr olunub. Burada məhsul istehsalı üçün zəruri olan xammalın alınmasından tutmuş hazır məhsulun sınağı, qablaşdırılması və saxlanılmasına kimi olan bütün proseslər qoyulmuş tələblərə uyğun idarə olunmasını tələb edilir. Həmin tələblərin yerinə yetirilməsi nəticəsində müəssisə istehsal prosesini əvvəlcədən hazırlanmış plana uyğun həyata keçirir, keyfiyyətsiz və zay məhsulların istehsalının riskini minimuma endirmiş olur. Bununla yanaşı,standart istehsalda istifadə olunan maşın və avadanlıqların sınağını və kalibrlənməsini tələb edir ki, bu da istehsalın dəqiq aparılmasına səbəb olur. Əvvəldə qeyd etdiyimiz tədbirlər nəticəsində digər sahələrdə olduğu kimi istehsalda da peşəkar işçilərin çalışması insan faktoru ilə bağlı problemlərin yaranmamasına imkan verir. Beləliklə, istehsal prosesinə təsir edən kompleks faktorlar fərdi şəkildə nəzarətdə saxlanılaraq, eləcə də düzəldici və qabaqlayıcı tədbirlər həyata keçirilərək istehsal prosesi dəqiq və effektiv reallaşdırılır.

4. Proseslərə düzgün nəzarət. Məlum olduğu kimi ISO 9001 standartı idarəetməyə proses yanaşmasının olmasını tələb edir. Belə ki, standartın tətbiqi zamanı müəssisədə mövcud olan proseslər, onların girişi, əməliyyatları və çıxışları müəyyənləşdirilir və hər bir prosesin ayrıca idarə olunması müəssisənin qarşısına qoyduğu son  məqsədlərə daha asan çatmağa imkan verir. Bu cür proseslərə misal olaraq xammalın alınması prosesi, istehsala hazırlıq prosesi, müştərilərlə qarşılıqlı əlaqə prosesi, istehsal prosesi, satış prosesi və s. göstərmək olar ki, bunların hər birinə fərdi şəkildə yanaşma onların daha asan və sistemli şəkildə idarə olunmasına imkan verir. Beləliklə, proses yanaşması ilə fəaliyyət nəticəsində resurslar və proseslər daha effektiv idarə olunur, xərclər aşağı düşür, müştərilər, tədarükçülər və digər maraqlı tərəflərlə bağlı fəaliyyətlərdə gözlənilən risklər qiymətləndirilir və s.

5. Keyfiyyətin yüksəldilməsi. Yuxarıda qeyd olunan tədbirlərin həyata keçirilməsi və eləcə də müştərilərin məhsula aid tələblərinin öyrənilməsi və onların istehsal prosesində nəzərə alınması məhsulun keyfiyyətinin yüksəldilməsinə gətirib çıxarır. Ümumiyyətlə, ISO 9001 standartı o proseslərin idarə olunmasına tələblər müəyyənləşdirir ki, onların məhsulun keyfiyyətinə birbaşa və dolayısı ilə təsir edir. Standartın əsas prinsipi ondan ibarətdir ki, son məhsulun keyfiyyətli olmasına nail olmaq üçün bütün proseslərin keyfiyyətli idarə olunması təmin edilməlidir. Bu isə sonda məhsulun keyfiyyətli olmasına gətirib çıxaracaq.

6. Xərclərin azaldılması. ISO 9001 standartının tətbiq edilməsi nəticəsində əldə olunan ən əsas səmərələrdən biri məhz müəssisənin əməliyyat xərclərinin azaldılmasıdır. Xərclərin azaldılması məhsul istehsalı, sınağı, saxlanılması və daşınması zamanı onların zay olması faizinin, eləcə də işçilərin və digər amillərin təsirindən dəyən zərərlərin minimuma endirilməsi, resurslardan qənaətlə istifadə, eyni işin təkrar yerinə yetirilməsi hallarının aradan qaldırılması, müştərilər tərəfindən geri qaytarılan məhsulların sayının xeyli azalması, məhsulların satıla biləcək qədər istehsal edilməsi, xərclərin dəqiq və şəffaf uçotunun aparılması, proseslərin nizamlı fəaliyyəti və düzgün sənədləşdirilməsi hesabına baş verir. Bütün bu tədbirlərin həyata keçirilməsi üçün standartda konkret mexanizmlər mövcuddur.

7. Sənədləşmənin düzgün təşkili. ISO 9001 standartı müəssisənin sənədləşdirmə işlərinin effektiv idarə edilməsinə xüsusi əhəmiyyət verir. Belə ki, standartı tətbiq edərkən rəhbərlik müəssisənin biznes hədəfini (keyfiyyət siyasətini) və həmin hədəfə çatmaq üçün konkret məqsədlərini (keyfiyyət məqsədlərini) işçilərlə birlikdə müəyyənləşdirir və sonra həmin sənədlər əsasında daha konkret sənədlər (hər bir şöbənin ümumi məqsədə xidmət edən keyfiyyət məqsədləri, proseduralar, təlimatlar, keyfiyyət kitabçası, qeydlər) hazırlanır. Beləliklə, müəssisənin bütün işlərinin necə reallaşdırılacağı və nəticələr haqqında müvafiq sənədlər tərtib olunur ki, bu da müəssisənin öz işini sənədlər üzrə təşkil etməsinə imkan verir. Mühüm səmərələrdən biri də müəssisədə aparılan bir çox işlər haqqında qeydlərin götürülməsi və sənədlərə nəzarət sisteminin formalaşdırılmasıdır ki, müəssisə həmin qeydlər və sənədlər əsasında öz fəaliyyətini təhlil edərək qiymətləndirmə aparır və mövcud nöqsanların aradan qaldırılması üçün təkmilləşdirmə tədbirləri müəyyənləşdirir.

8. Daimi təkmilləşmə sisteminin formalaşması və innovasiyaların təşviqi. Qeyd etdiyimiz kimi standartın tətbiqi müəssisədən mövcud məlumatlar əsasında öz fəaliyyətini təhlil edilməsini tələb edir. Bu cür təhlil nəticəsində  müəssisə rəhbərliyi işçilərlə birlikdə bir illik fəaliyyətlərini qiymətləndirir və bu fəaliyyətlərin qoyulmuş hədəfə çatmağa nə dərəcədə imkan verməsini müəyyənləşdirir. Təhlil əsasında əldə olunmuş nəticələrdən istifadə edərək müəssisənin gələcək fəaliyyətində hansı təkmilləşmələrin aparılmasının mümkünlüyü müəyyən edilir və həmin tədbirlər də reallaşdırılır. Bununla yanaşı müəssisədə mövcud olan hər bir prosesin həyata keçirilməsi zamanı həmin proseslərdə aparılması mümkün olan təkmilləşdirmə tədbirləri, eləcə də düzəldici və qabaqlayıcı tədbirlər həyata keçirilir ki, bütün bunlar da davamlı təkmilləşməni və innovativ fəaliyyəti təmin edir.

9. Riskin azaldılması və stabilliyin yaranması. ISO 9001 standartını tətbiq etdikdə müəssisənin bütün əməliyyatları nəzarətdə saxlanılır, aşkarlanan uyğunsuzluqların aradan qaldırılması üçün korrektəedici və qabaqlayıcı tədbirlər həyata keçirilir ki, bu da müəssisənin istehsal, satış və digər proseslərində riskin yaranmasını və müəssisənin müflis olması ehtimalını xeyli aşağı salır. Çünki, müəssisə öz bazarını tədqiq edərək satılacaq qədər məhsul istehsal edir və bazara çıxardığı məhsulları da müştərilərin istək və tələblərinə uyğun hazırlayır. Bu isə məhsulların anbarda yığılıb qalması ehtimalını azaldır ki, nəticədə müəssisə stabil fəaliyyət göstərir. Ümumiyyətlə, ISO 9001 tətbiq edən müəssisədə gözlənilməz hadisələrin baş verməsi və gəlirlərin dinamik dəyişməsi ehtimalı az olur ki, bu da müəssisənin müştəriləri və partnyorları arasında etibarın yaranmasına gətirib çıxarır.

10. Səlahiyyətlərin düzgün bölgüsü və qarşılıqlı əlaqə sistemi. ISO 9001 standartının tətbiqi nəticəsində əldə olunan ən əsas səmərələrdən biri də bu gün ölkəmizdə xüsusilə özünü büruzə verən problemin aradan qaldırılması - işçilərin səlahiyyətlərinin düzgün bölgüsü və qarşılıqlı əlaqə sisteminin formalaşmasıdır. Standart müəssisənin hər bir işçisi üçün vəzifə təlimatının yazılmasını tələb edir ki, orada işçinin məsuliyyət və səlahiyyətləri əks olunur. Bunun əsasında fəaliyyət göstərən və nəzarət olunan işçidə artıq cavabdehlik təfəkkürü formalaşır. Bu isə bir-birindən asılı olan müxtəlif proseslərə cavabdeh işçilərin öz işlərini vaxtında və səmərəli yerinə yetirməsi ilə nəticələnir. Sonda həmin proseslərin vaxtında həyata keçirilməsi və insan amilinə görə gecikmə hallarının aradan qaldırılmasına nail olunur.

11. Resursların səmərəli istifadəsi və düzgün nəzarət. İstənilən müəssisənin yüksək rentabelli və çevik fəaliyyətini təmin edən ən əsas amillərdən biri də müəssisə daxilində resurslardan  qənaətlə və düzgün istifadədir. Bu baxımdan standartda insan resursları, infrastruktur və iş şəraiti ilə bağlı tələblər müəyyənləşdirilir. Burada keyfiyyətli və müştərilərini məmnun edəcək məhsul istehsalı üçün lazım olan resurslar müəyyənləşdirilir, onlardan istifadəyə asan çıxış təmin edilir, istifadə və nəzarət edilir və lazım gəldikdə dəyişikliklər edilir ki, bütün bunlar  əməliyyatların zəruri resurslarla vaxtında və keyfiyyətli təchiz olunmasına gətirib çıxarır.

Xarici səmərələr

1.  Müştərilərin məmnunluğunun artması. ISO9001 standartının ən əsas hədəflərindən biri müəssisənin fəaliyyətinin müştərilərin istək və tələbləri üzərində qurmaqla, onların məmnunluğunun təmin edilməsidir. Məhz, bu səbəbdəndir ki, standartda “müştəri məmnunluğu” əsas tələb kimi irəli sürülür və bütün əməliyyatlarda bu məsələyə diqqət yönəldilir. Odur ki, ISO 9001 müasir bazar iqtisadiyyatı sistemində ən güclü marketinq aləti kimi istifadə olunur. Standartın tətbiqi  müəssisənin bazarın imkanlarına və dinamikasına çevik reaksiyana, satış həcminin və beləliklə də gəlirlərin artmasına, müştərilərin məmnunluğunun əldə edilməsinə, habelə müəssisənin resurslarından səmərəli istifadə olunmasına, müştərilərin etibarını qazanmaqla bazarda firmanın dayanıqlığının  təmin olunmasına yol açır.

2. Bazarın dəyişikliklərinə çevik uyğunlaşma imkanı. ISO9001 standartını tətbiq etməklə müştərilərin zövqlərində və istəklərində baş verən dəyişiklikləri müntəzəm izləmək imkanı əldə edən müəssisə həmin dəyişiklikləri vaxtında istehsal etdiyi məhsul və xidmətdə əks etdirir və bununla da məhsulun bazardakı dəyişikliklərdən geri qalmasının qarşını almaqla onların satışına nail olur.

3. Tərəfdaşlar və investorlar qarşısında inamın yaranması və tenderlərdə uğurlu iştirak. Müəssisənin biznes əlaqələrində uğurunun əsas təminatçısı əməkdaşlıq etdiyi müəssisələr və investorlar qarşısında formalaşdırdığı etibardır. Müasir dövrdə investorlar və iri müəssisələr öz tərəfdaşlarını seçərkən onun fəaliyyətinin nə qədər stabil və etibarlı olmasını ən əsas amil kimi götürürlər. Bu gün müəssisənin etibarlı olmasının təminatçısı kimi məhz ISO 9001 standartı çıxış edir. Belə ki, dünyanın ən iri müəssisələri öz tərəfdaşlarını və təchizatçılarını seçərkən ISO 9001 standartını tətbiq edən müəssisələrə üstünlük verirlər. Məhz bu səbəbdəndir ki, ölkəmizdə və xaricdə müəssisələrin bir qismi ISO 9001 standartını tenderlərdə qalib olmaq üçün tətbiq edirlər. Beləliklə, ISO 9001 standartı müəssisə ilə  əməkdaşlıq etmək istəyən investor arasında “körpü” funksiyasını yerinə yetirir.

4. Satışın və beləliklə də gəlirlərin artması. Yuxarıda qeyd etdiyimiz kimi ISO 9001 standartı müəssisənin öz bazarlarına maksimum yaxınlaşmasına və müştərilərin istəklərinə uyğun məhsul istehsal etməklə sonradan onların asanlıqla satılmasına və beləliklə də yüksək gəlir əldə etməsinə imkan yaradır.

5. İxrac imkanlarının artması və dünya bazarında asan ticarət imkanı. Qeyd etdiyimiz kimi, bu gün dünyada ISO 9001 standartı müəssisələrin qarşılıqlı əlaqələrinin əsas təminatçısı funksiyasını həyata keçirir. Bu isə müəssisələrin təkcə yerli bazarda deyil, həmçinin beynəlxalq bazarlarda da uğurla fəaliyyət göstərməsinə imkan yaradır. Ölkəmizdə fəaliyyət göstərən yerli müəssisələrin xarici bazarlara asan çıxışı üçün bu standartı tətbiq etməsi olduqca əhəmiyyətli məsələdir.

6. Bazarlara rəqabətə qabiliyyətli məhsul və xidmətlərin çıxarılması və bazar payının artırılması. Müəssisələrin öz rəqiblərini üstələməsi üçün onların bazara  keyfiyyətli və ucuz məhsul çıxartması lazımdır. ISO 9001 standartının tətbiqi nəticəsində həm müştərilərin zövqünə daha çox uyğun olan və keyfiyyətli məhsul istehsal edilməsinə, həm də yuxarıda qeyd etdiyimiz daxili səmərələr hesabına məhsulun maya dəyərinin aşağı düşməsinə imkan verir ki, bu da müəssisənin öz rəqiblərini üstələməsinə və getdikcə kəskinləşən rəqabətin öhdəsindən uğurla gəlməsinə səbəb olur. Ona görə də  bəzi müəssisələr  bu standartı rəqibləri tətbiq etdiyinə görə qəbul edirlər.

7. Marketinq siyasətinin düzgün təşkili. Yuxarıda qeyd olunan amillər ISO 9001 standartının marketinq aləti kimi istifadə edilməsinin səbəblərini açıqlayır. Məlum olduğu kimi marketinqin əsasını müştərilərin istəklərini izləməklə innovativ məhsul istehsalının və satışının təmin edilməsi təşkil edir ki, bunun da öhdəsindən ISO 9001 standartı uğurla gəlir. Standartda müştərilərin rəylərinin öyrənilməsi üçün mütəmadi sorğu və ya görüşlərin keçirilməsi, müştərilərin şikayətlərinin müəssisə daxilində ciddi nəzərdən keçirilməsi və müştərilərin məmnunluq səviyyəsinin qiymətləndirilməsi tələb olunur. Digər tərəfdən, təchizatçılarla qarşılıqlı səmərəli münasibətlərin qurulmasına da standartda xüsusi diqqət yetirilir. Bütün bunlar müəssisənin marketinq siyasətini düzgün qurmağa imkan verir.

8. Qanunvericiliyin tələblərinin  yerinə yetirilməsi. ISO 9001 standartının bir çox bölmələrində məhsula və xidmətə, eləcə də işçilərin təhlükəsizliyinə dair tələblər müəyyənləşdirildikdə qanunvericiliyin və dövlət standartlarının tələblərinin də nəzərə alınması şərt kimi irəli sürülür. Buna görə də, standartı tətbiq edən müəssisə məcbur olur ki, dövlətin müəssisənin fəaliyyəti ilə bağlı müəyyənləşdirdiyi məcburi tələbləri də yerinə yetirsin və paralel olaraq bir neçə dövlət standartını tətbiq etsin. Bu isə müəssisənin fəaliyyətinə dövlət orqanlarının nəzarətinin asanlaşdırmaqla, onların qoyulmuş məcburi tələblərə uyğun fəaliyyətinə zəmin yaradır və dövlət orqanları qarşısında müsbət imicin formalaşmasına gətirib çıxarır.

ISO9001 standartının tətbiqi ilə əlaqədar əldə olunan səmərələri daha aydın təsvir etmək üçün müxtəlif tədqiqatların nəticəsində ortaya çıxmış empirik rəqəmləri şərh edək.

İSO-nun 2003-cü ildə 15 ölkədə 5000-dən çox müəssisə arasında apardığı araşdırma nəticəsində məlum olub ki, həmin müəssisələr ISO 9001 standartını tətbiq etməklə aşağıdakı səmərələri əldə ediblər (müəssisələrin sayına görə):

- keyfiyyətin yüksəldilməsi – 1000;
- düzgün proseduralar – 1100;
- müştəri məmnunluğu – 1000;
- yüksək imic – 1000;
- xərclərin azalması – 600;
- məhsuldarlığın yüksəlməsi – 700;
- vaxtında daşınma – 800;
- bazardakı payın və gəlirlərin artması – 600 və s.

Dun və Bradstreet-in apardığı araşdırma zamanı məlum olub ki, sorğu aparılan müəssisələrin 85 %-i  ISO 9001–in tətbiqindən xarici amillər - keyfiyyətin yüksək qəbul edilməsi və müştərilərin məmnunluğu üzrə səmərə əldə etdiyini, 95 % müəssisə isə daxili amillər - işçilərin məlumatlılıq səviyyəsinin yüksəldilməsi, əməliyyatların səmərəliliyinin artması və artıq məsrəflərin azalması kimi amillər üzrə səmərələr əldə etdiyini qeyd etmişdir. Digər bir araşdırmada standartın tətbiqindən aşağıdakı nəticələrin əldə olunduğu müəyyənləşib:

- müştərilərin şikayətlərinin 30 % azalması;
- daşınma vaxtının 95 % azalması;
- zərərlərin miqdarının 3 %-dən 0.5 %-dək endirilməsi;
- məhsulun istehsalına sərf olunan vaxtın 40 % azalması;
- beynəlxalq aləmdə tanınma və qəbuledilmə;
- beynəlxalq bazarda ticarətin asanlaşması;
- ərzaq məhsullarında təhlükəsizliyin, etibarlığın və keyfiyyətin yüksəlməsi və s.

CİRAS - ın apardığı araşdırma zamanı o da məlum olub ki, keyfiyyətə dair xərclərin yarıya qədər azaldılması satışın 10 faiz artmasına səbəb olur və ISO 9001 keyfiyyətə dair xərclərin azaldılmasında ən səmərəli vasitədir. Digər bir araşdırmaya görə isə ISO 9001 tətbiqi aşağıdakı səmərələri verir (respondentlərin sayına görə):

- menecmentin təkmilləşməsi – 85 %;
- müştərilərə daha yaxşı xidmət – 73 %;
- səmərəliliyin artması – 69 %;
- itkilərin azalması – 53 %;
- işçilərdə stimulun artması – 50 %;
-  xərclərin azalması – 40 %.

İrwin Professional Publishingin apardığı tədqiqatların nəticələrin isə aşağıdakı kimi olub (respondentlərin sayına görə):

- müştərilərin məmnunluğunun artması – 30 %;
- müştərilərin auditlərinin sayının azalması – 50 %;
- bazarlarda rəqabət üstünlüyünün əldə edilməsi – 69 %;
- keyfiyyətin yüksək qəbul edilməsi – 83 %.

Göründüyü kimi aparılan araşdırmalar çox maraqlı nəticələrdən  xəbər verir. İspaniyada 400 müəssisə arasında aparılmış sorğunun nəticələrinə görə müəssisələrin əldə etdiklərin səmərələr aşağıdakı 4 əsas göstərici üzrə təsnifləşdirilmişdir:

          1. Əməliyyatlar üzrə nəticələr:
- təchizatçılarla qarşılıqlı əlaqələrin inkişafı – 60 %;
- logistik xərclərin azalması – 30 %;
- uyğunsuzluqların azalması – 80 %;
- vaxtında daşınma – 58 %;
- idarəetməyə sərf olunan vaxtın azalması – 40 %.

          2. Maliyyə nəticələri:
- satışın artması – 45 %;
- investisiyanın gəlir gətirməsi – 35 %;
- bazar payının artması – 45 %.

          3. Müştərilərlə bağlı nəticələr:
- loyallıq/təkrar alış artması – 50 %;
- məmnunluğun artması – 80 %;
- şikayətlərin azalması – 63 %.

       4. İşçilərlə bağlı nəticələr:
- təkliflərin verilməsi – 62 %;
- işdə sağlamlıq və təhlükəsizlik – 60 %;
- komanda halında işləmək – 60 %;
- işdən razılıq – 47 %.

     Yuxarıda sadalanan səmərələr ISO 9001 standartının tətbiqinin müasir bazar iqtisadiyyatı sistemində nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut edir. Ölkəmizdə fəaliyyət göstərən müəssisələrin son illər bu standarta marağı xeyli artmışdır və elə bu səbəbdən də 200- dən çox müəssisə ISO 9001 standartını tətbiq edir.

Qlobal İqtisadi Araşdırmalar Mərkəzinin apardığı araşdırmaya görə yerli müəssisələrin gəlirləri ISO 9001 –in tətbiqindən sonra müəssisədən asılı olaraq 15-68 % artmışdır ki, bu da kifayət qədər böyük rəqəmdir. Bütün yuxarıda sadalananlar onu deməyə əsas verir ki, bazar iqtisadiyyatı şəraitində ISO 9001:2000 standartının tətbiqi müəssisənin keyfiyyətli məhsul istehsal etməsinə,  daxili səmərələr hesabına məhsulun maya dəyərinin aşağı düşməsinə, bununla da müəssisənin öz rəqiblərini üstələməsinə və getdikcə kəskinləşən rəqabətin öhdəsindən uğurla gəlməsinə imkan verir.


Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com