Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com


Elanlar


Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Biznes proseslərin yenidən layihələndirilməsi

Əli Məmmədov

Biznes proseslərin yenidən layihələndirilməsi (ing. Business process re -engeneering) dedikdə yüksək nəticələrə nail olmaq üçün müvafiq təşkilati - sərəncamverici və normativ sənədlərlə rəsmiləşdirilmiş istehsal-təsərrüfat və maliyyə-iqtisadi fəaliyyətin fundamental surətdə yenidən qiymətləndirilməsi və təkrar layihələndirilməsi başa düşülür. 1990-cı illərin əvvəllərində ilk dəfə ABŞ-da meydana gəlmiş bu istiqamət idarəetmə elminə əhəmiyyətli töhfə verməklə informasiya texnologiyalarının qabaqcıl və sürətlə inkişaf edən sahəsinə çevrilmişdir.

Müasir dövrdə Biznes proseslərin yenidən layihələndirilməsi (BPYL) müəssisələrin fəaliyyətinin əsas göstəricilərinin sıçrayışlı artımını təmin etmək üçün biznes proseslərin təkrarən köklü şəkildə yenidən layihələndirilməsini nəzərdə tutur. BPYL idarəetmə (menecment) və informasiya təminatı kimi iki müxtəlif sahənin qovuşduğu yerdə yaranmış fəaliyyət istiqamətidir. Məhz buna görə BPYL həm menecerlərdən, həm də informasiya sistemlərini işləyib hazırlayan mühəndislərdən problemli məlumatların təhlili və işlənilməsi üzrə yeni üsulların tətbiqini tələb edir. Bu üsullar eyni zamanda informasiya texnologiyaları nailiyyətlərinin inteqrasiyasına və BPYL-nin müvafiq dəstəkləyici vasitələrinin yaradılmasına imkan verir. BPYL-nin əsas xüsusiyyətlərindən biri diqqətin funksiyalarda deyil, proseslərdə cəmləşdirilməsidir.

Elmi-praktiki fəaliyyət istiqaməti olaraq BPYL özündə “fundamental”, “radikal”, “sıçrayışlı” və “proses” kimi başlıca elementləri ehtiva edir.

Fundamental BPYL. BPYL-nin ilkin mərhələsində aşağıdakı əsas suallara cavab vermək lazımdır:    

  • nəyə görə müəssisə hal-hazırda bu işi görür?
  • nəyə görə müəssisə bunu belə bir üsulla edir?
  • müəssisə necə olmaq istəyir?

Bu suallara cavab verərkən mütəxəssislər biznesin aparılmasının çox zaman köhnəlmiş cari vəziyyətini və səhv qaydalarını mənaca yenidən dərk etməlidir.

Radikal BPYL. Radikal yenidən layihələndirmə müəssisədə mövcud olan sistemin kökündən yenidən qurulmasını və bu zaman işlərin görülməsi üçün tamamilə yeni üsulların tətbiqini tələb edir.

Sıçrayışlı BPYL. BPYL-nin bu elementi müəssisənin yalnız fəaliyyət göstəricilərinin yaxşılaşdırılması və artırılması (10-100% ) məqsədilə tətbiq edilmir. Bu halda risklərlə müşahidə olunmayan ənənəvi üsullardan (məsələn işçilər qarşısında onların rifahının yaxşılaşdırılması barədə nitq söyləmək və ya keyfiyyətin yüksəldilməsi ilə bağlı proqramları icra etmək) istifadə olunması daha məqsədəuyğundur. Bir qayda olaraq BPYL müəssisənin fəaliyyət göstəricilərinin yaxşılaşdırılması (500-1000% və daha artıq) üçün köhnəlmiş idarəetmə metodlarının yeniləri ilə əvəz edilməsinə zərurət yarandığı zaman tətbiq olunur.

Biznes proses - istehlakçı üçün zəruri olan məhsulun yaradılması ilə nəticələnən və müəssisə tərəfindən atılan çoxsaylı “daxili addımlar”ın məcmusudur. Hər bir biznes prosesin məqsədi qiymət, xidmət və keyfiyyət baxımından istehlakçını qane edən məhsulun yaradılmasıdır.   

Biznes prosesin səmərəliliyi təşkilatın idarəetmə strukturunda üfüqi əlaqələrin nizamlanması yolu ilə optimallaşdırılır. 

BPYL-nin həyata keçirilməsi üçün vacib və məqsədəuyğun olan aşağıdakı 3 şirkət növünü nəzərdən keçirək:

  • rəqiblərlə müqayisədə məhsullarının qiyməti kifayət qədər yüksək olan və həmin məhsulların keyfiyyətinin aşağı olması səbəbindən müflisləşmə təhlükəsi ilə üzləşən şirkətlər;
  • yeni rəqiblərin yaranması, müştərilərin tələblərinin və ya iqtisadi mühitin dəyişilməsi ilə əlaqədar hazırda çətinlikləri olmayan, lakin yaxın gələcəkdə bu və ya digər problemlərlə üzləşməsi proqnozlaşdırılan şirkətlər;
  • hazırda çətinlikləri olmayan və yaxın gələcəkdə də hər hansı ciddi problemlərlə üzləşməsi proqnozlaşdırılmayan şirkətlər. Bunlar aqressiv marketinq siyasəti aparan, öz hazırkı vəziyyətlərindən razı olmayan və BPYL vasitəsilə yaxşılaşmaya nail olmaq istəyən lider şirkətlərdir.

Beləliklə, BPYL-nin məqsədləri innovasiyanın məqsədləri ilə eynidir. Rəqabətə davamlı məhsulun təmin edilməsi üçün yeniliklərə yiyələnmək və son nəticədə müəssisəni müflisləşmədən sığortalamaq.

BPYL adətən 4 mərhələdə həyata keçirilir:
1. Şirkətin gələcək simasının (vizion) işlənib hazırlanması. Bu mərhələdə şirkət öz strateji məqsədlərinə nail olmaq üçün biznesi necə inkişaf etdirəcəyini planlaşdırır.
2. Mövcud biznesin təhlili. Şirkətdə təhqiqat aparılır və onun cari durumu ilə bağlı iş sxemləri tərtib edilir.
3. Yeni biznesin konsepsiyasının  işlənib hazırlanması. Bu konsepsiyaya əsasən yeni proseslər yaradılır və ya əvvəlki proseslərə dəyişikliklər edilir. Onların məlumat sistemi dəstəklənir, yeni proseslər sınaqdan keçirilir.
4. Yeni biznes layihəsinin tətbiqi.

alt

Burada vacib olan məqamlardan biri də odur ki, proseslərin həyata keçirilməsi mərhələləri ardıcıl deyil, paralel aparılmalı, həm də bu zaman onların bəziləri təkrarlanmalıdır.

BPYL- informasiya texnologiyalarının (İT) rolunu xüsusilə qeyd etmək lazımdır. Belə ki, biznes proseslərin yenidən layihələndirilməsi bir qayda olaraq bu texnologiyalar sayəsində mümkün olur. Əksər şirkətlərin səhvi ondan ibarətdir ki, onlar İT-na mövcud proseslər prizmasından baxır və problemi belə ifadə edirlər: “biz yeni texnologiyalardan fəaliyyətimizi yaxşılaşdırmaq üçün necə istifadə edək?”

BPYL tamamilə yeni uğurlar əldə etmək üçün qabaqcıl informasiya texnologiyalarının tətbiqi deməkdir. Şirkətin davamlı rəqabət üstünlüyünün yaradılması və bu üstünlüyün qorunub saxlanması informasiya texnologiyalarının tətbiqi və İT strategiyasının işlənib hazırlanması, həmçinin bununla bağlı məqsədyönlü və əlaqələndirilmiş fəaliyyətlərin həyata keçirilməsini zəruri edir. 

Bir çox şirkətlərdə bu məsələlərin həlli üçün yatırımların 25-50%  tətbiqi proqram təminatına sərf olunur. İnformasiya texnologiyalarının strateji məqsədi idarəetməyə yardım etmək, bazarın dinamikasına cavab vermək, rəqabət üstünlüyünü yaratmaq, qoruyub saxlamaq və artırmaqdır.

Biznes proseslərin yenidən layihələndirilməsinin prinsipləri

Biznes proseslər özünün mürəkkəbliyi və həm də müxtəlifliyi ilə seçilir Müəssisə tərəfindən BPYL-in həyata keçirilməsi zamanı biznes proseslərinin təşkil olunmasının aşağıdakı prinsiplərini qeyd etmək olar.

1.Biznes proseslərin inteqrasiya olunması. Yenidən layihələndirilmiş proseslərin ən xarakterik xüsusiyyəti sadə əmək funksiyalarının yerinə yetirilməsi zamanı . personalın gördüyü işlərin zəif əlaqələndirilməsi və yaxud bu əlaqələndirmənin ümumiyyətlə mövcud olmamasıdır. Nisbətən mürəkkəb iş funksiyalarının həyata keçirilməsi isə əməyin təşkilinin daha mütərəqqi formalarının tətbiqini tələb edir. 
Əlbəttə ki, bu proseslərin bütün mərhələlər üzrə bir nəfər tərəfindən yerinə yetirilməsi təcrübədə hər zaman mümkün olmur.
Ona görə də müəssisə tərəfindən bununla bağlı komanda yaradılır ki, onun da hər bir üzvü konkret proses üçün məsuliyyət daşıyır.  

2. Biznes proseslərinin üfüqi sıxılması. BPYL- ni tətbiq etmiş şirkətlərin fəaliyyətinin müqayisəli qiymətləndirilməsi göstərir ki, işin ənənəvi təşkilindən prosesin bir nəfər tərəfindən yerinə yetirilməsinə keçid personalın sayının azaldılmasına və prosesin həyata keçirilməsinin təxminən 10 dəfə sürətlənməsinə imkan verir. Bundan başqa görülən işlərin nəticəsi olaraq müəssisədə səhvlərin sayı azalır və işçilər arasında səlahiyyətlərin dəqiq bölgüsü aparıldığına görə idarəçilik asanlaşır.

3. Biznes proseslərinin şaquli sıxılması. Bu işçilərin birbaşa rəhbərliyə müraciət etmədən öz səlahiyyətləri çərçivəsində sərbəst qərarlar qəbul etmələrini nəzərdə tutur.

4. Biznes proseslərinin icra məntiqi. İşlərin xətti icrası məntiqi qayda ilə əvəz olunur (yəni, işlər əksər hallarda paralel aparılır), bu isə öz növbəsində vaxta qənaət olunmasına imkan verir.

5. Biznes proseslərinin müxtəlif versiyalarının işlənib hazırlanması. Daim dəyişən bazar şəraitində vəziyyətdən asılı olaraq proseslərin müxtəlif versiyalarının hazırlanması tələb olunur. Müxtəlif versiyaları olan yeni proseslərin cari vəziyyətə uyğunluğunu müəyyən etmək məqsədilə onlar yoxlama addımından başlanır. Buna görə də yeni proseslər ənənəvi proseslərdən daha sadə və aydın olur, həmçinin hər variant yalnız özünə müvafiq vəziyyətə yönəldilir.

6. Biznes proseslərin diversifikasiyası. Hər bir müəssisədə prosesləri yerinə yetirmək üçün kifayət qədər müxtəlif variantlar seçmək mümkündür. Məsələn, məhsulun kütləvi istehsalına hesablanmış ənənəvi proses bütün girişlər üçün eyni qayda üzrə yerinə yetirilməli, həmçinin çıxışlarla əlaqələndirilməlidir. Bir qayda olaraq ənənəvi proseslər özünün çox mürəkkəb olması ilə seçilir. Belə ki, onlar bütün təfərrüatı ilə hazırlandığına görə daha çox istisnalara və təsadüfi hadisələrə hesablanıb.

7. Üfüqi əlaqələrin rasionallaşdırılması. Biznes proseslərin təşkilinin mühüm prinsiplərindən biri kimi hər bir müəssisədə xətti funksional struktur bölmələri yaradılmalıdır. Bu bölmələrin fəaliyyəti sistemli şəkildə əlaqələndirilməli, müəssisədə görülməsi nəzərdə tutulan işlər bunun üçün münasib olan yerdə həyata keçirilməlidir. Məlumdur ki, hər bir müəssisədə struktur bölmələrinin işi “tematik” prinsip əsasında təşkil olunur (mühasibat, nəqliyyat, təchizat və s. şöbələr). Bu o deməkdir ki, həmin bölmələrdən birinə məsələn, mühasibat şöbəsinə qələm lazım olarsa o təchizat şöbəsinə sifariş ilə müraciət etməli, təchizat şöbəsi isə öz növbəsində istehsalçını tapmalı, onunla malın qiyməti barədə razılaşmalı, bundan sonra mala baxmalı və onun qiymətini ödəməli, nəhayət mühasibat şöbəsinə təhvil verməlidir. Bu proses uzunmüddətli və artıq xərc tələb etdiyindən müəssisələr üçün iqtisadi baxımdan sərfəli deyil. Buna görə də proseslərin yenidən layihələndirilməsi zamanı adətən struktur bölmələri arasında üfüqi idarəetmə əlaqələri yaradılır.

8. İdarəetmə təsirinin rasionallaşdırılması. Burada söhbət birbaşa maddi gəlirin əldə edilməsinə gətirib çıxarmayan yoxlamaların sayının və idarəetmənin təsir səviyyəsinin azaldılmasından gedir. Ona görə də BPYL-nin əsas vəzifəsi məsələlərə rasional yanaşma və onları iqtisadı cəhətdən məqsədəuyğun şəkildə həyata keçirməkdir.

9. Məsələləri həll etmək mədəniyyəti. Burada əsas məsələ maddi gəlirin əldə edilməsinə gətirib çıxarmayan razılaşdırmaların sayının azaldılmasıdır. BPYL-in məqsədi prosesin yerinə yetirilməsi zamanı xarici kontaktların azaldılması yolu ilə razılaşdırmaların sayını minimuma endirməkdir.

10. “Müəssisə-sifarişçi” əlaqələrinin rasionallaşdırılması. Müəssisənin təşkilati strukturu elə təkmilləşdirilməlidir ki, bu zaman səlahiyyətli menecer vahid əlaqə kanalının yaradılmasını təmin edə bilsin.

11. Səlahiyyətli menecer. Bu prinsip o halda tətbiq edilir ki, prosesin addımları ya mürəkkəbdir ya da kiçik komandanın qüvvələri ilə onların inteqrasiyası mümkün deyildir. Səlahiyyətli menecer mürəkkəb proseslə sifarişçi arasında bufer rolunu oynayır. Menecer sifarişçi ilə münasibətlərdə bütün prosesə cavabdeh kimi çıxış edir. Bunun üçün menecer sifarişçinin suallarına cavab verməli və onun problemlərini həll etməyi bacarmalıdır.

12. İdarəetmədə mərkəzləşdirmənin müsbət cəhətlərinin qorunub saxlanılması. Təcrübədə bu idarəetmənin divizional təşkilində informasiya təchizatının təkmilləşdirilməsi yolu ilə əldə edilir.

Müasir informasiya texnologiyaları müəssisənin struktur bölmələrinə mərkəzləşdirilmiş məlumatlardan istifadə etməklə, müstəqil fəaliyyət göstərmək imkanı verir. Beləliklə, müəssisə müxtəlif ərazilərdə yaşayan müştərilərə yüksək xidmət göstərmək üçün bürokratik regional strukturları aradan qaldırmaqla xidmətin keyfiyyətini artıra bilər.


Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com