Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com


Elanlar


Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Kaoru İsikava

ishikawa_1

Keyfiyyəti idarəetmə sahəsində tanınmış yapon alimi

Yaponiyada keyfiyyəti idarəetmə sahəsinin inkişafında müstəsna xidmətləri olan alimlərdən biri də Kaoru İsikavadır.
Bir çoxları ikinci dünya müharibəsindən sonra dağıdılmış Yaponiya iqtisadiyyatının dirçəldilməsini və inkişafını məhz onun adı ilə əlaqələndirirlər.  

Kaoru İsikava (1915-1990) Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. Ali təhsilini Tokio Universitetində almışdır. Universitetin tətbiqi kimya fakültəsini bitirən Kaoru İsikava 1939 - cu ildə kommunal xidmətlər sahəsində fəaliyyət göstərən şirkətdə çalışmışdır. Burada bir müddət fəaliyyət göstərən İsikava 1939-1941-ci illərdə Yaponiya Hərbi Dəniz Qüvvələrində texniki mütəxəssis kimi xidmət etmişdir. Hərbi xidmətdə olduğu illərdə o, əsasən gəmilərin şəxsi heyətinin təhsili və təlimi ilə məşğul olmuşdur. Hərbi xidməti bitirdikdən sonra İsikava əvvəlcə sənaye sahəsində çalışmış, daha sonra isə Tokio Universitetində elmi fəaliyyətlə məşğul olmuşdur.
Bu ali məktəbdə çalışdığı illərdə o, statistik analiz metodları ilə maraqlanmış və 1943-cü ildə məşhur “İsikava diaqramı”nı işləyib hazırlamışdır. Texniki mütəxəssis kimi

İsikava təsadüfi kəmiyyətlərin analizinin və onun nəticələrinin interpretasiyasının çətinliyini yaxşı başa düşürdü. Məhz bu problemlərin mövcudluğu onda statistikaya və statistik metodların öyrənilməsinə xüsusi maraq oyatmışdı. 1949-cu ildə İsikava Yaponiya Alim və Mühəndislər Cəmiyyəti (JUSE) tərəfindən keyfiyyətə nəzarət (KN) və onda statistik metodlardan istifadə edilməsi ilə bağlı problemləri araşdıran tədqiqat qrupuna dəvət olundu. Ömrünün demək olar ki, qırx ilini bu problemin araşdırılmasına həsr edən və yapon “iqtisadi möcüzəsinin” müəlliflərindən biri olan İsikava belə hesab edirdi ki, müasir dövrdə keyfiyyət dedikdə yalnız məhsulun keyfiyyəti başa düşülməməlidir, çünki keyfiyyət həm də satışdan sonrakı serviz xidmətini, idarəetməni, bütövlükdə isə həmin məhsulu istehsal edən şirkəti və onun hər bir əməkdaşının fəaliyyətini əhatə etməlidir.

Alimin fikrincə, keyfiyyətə (Ümumi keyfiyyətin idarə edilməsinə) bu cür münasibət nümayiş etdirən müəssisələr bir qayda olaraq aşağıdakı nəticələrə nail olurlar:

  • məhsulun keyfiyyəti yaxşılaşır və zay məhsul azalır;
  • məhsulun etibarlılığı artır;
  • xərclər aşağı düşür;
  • istehsal olunan məhsulun həcmi artır və daha səmərəli istehsal qrafiklərinin tərtib olunması imkanları yaranır;
  • lüzumsuz və artıq işlərin həcmi azalır;
  • iş metodikaları işlənib hazırlanır və təkmilləşdirilir;
  • zəruri sınaqlar və keyfiyyətin yoxlanılmasına çəkilən xərclər azalır;
  • malgöndərənlərlə müştərilər arasındakı münasibətlər daha da yaxşılaşır;
  • satış bazarları genişlənir;
  • müəssisənin şöbələri arasında sıx əlaqələr yaranır;
  • məlumatların və hesabatların saxtalaşdırılması halları kəskin surətdə aşağı düşür;
  • problemləri azad və demokratik şəkildə müzakirə etmək imkanları yaranır;
  • iclaslar daha mütəşəkkil şəkildə keçirilir;
  • maşın və avadanlıqların quraşdırılması və təmiri səmərəli şəkildə həyata keçirilir;
  • insanlar arasında münasibətlər yaxşılaşır.

Keyfiyyətə kompleks yanaşmanın müəlliflərindən biri olan İsikava, Yaponiyada keyfiyyəti idarəetmə standartlarının tətbiqinə çalışır və bu prosesdə Sənaye standartları üzrə yapon şurası (JIS) və Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) ilə sıx əməkdaşlıq edirdi. Bu əməkdaşlığın nəticəsi kimi o, 1977-ci ildə ISO-nun Yaponiya şöbəsinin sədri, 1981-ci ildə isə bu mötəbər beynəlxalq təşkilatın icraiyyə komitəsinin üzvü seçilmişdir. ISO-nun rəhbər strukturunda təmsil olunması İsikavaya standartlaşdırma ilə bağlı beynəlxalq səviyyədə gedən proseslərdə aktiv iştirak etmək imkanı verirdi. O, keyfiyyətin minimum səviyyəsinə nail olunmasının məqbul yolunu beynəlxalq standartların tətbiqində görürdü. Alimin fikrincə, beynəlxalq standartlara uyğun effektiv keyfiyyəti idarəetmə sisteminin qurulması məhsul və xidmətlərin keyfiyyətini yüksəltməklə, son nəticədə müştəri məmnuniyyətinin təmin edilməsinə gətirib çıxaracaq. Beynəlxalq standartların tətbiqi ilə yanaşı İsikava, həm də müəssisələrdə keyfiyyətə nəzarətin həyata keçirilməsini vacib amillərdən biri hesab edirdi. İsikavaya görə, keyfiyyətin effektiv idarə edilməsi aşağıdakı elementləri özündə ehtiva etməlidir:    

  • məhsul və xidmətlərin keyfiyyətinə nəzarət;
  • qiymət, gəlir və xərclər üzərində inteqrasiya olunmuş nəzarət;
  • etibarlı təchizat və satış sxemlərinə nəzarət.

Keyfiyyəti idarəetmə sahəsinin tanınmış alimlərindən olan A. Feygenbaum kimi İsikava da müəssisələrdə ümumi keyfiyyətə nəzarətin həyata keçirilməsinin fəal tərəfdarlarından biri idi. O, keyfiyyətə korporativ nəzarət zamanı statistik metodlardan istifadənin vacibliyini xüsusi olaraq qeyd edir və həmin metodları müvafiq olaraq üç qrupa bölürdü: ən bəsit səviyyə, aralıq səviyyə, daha yüksək səviyyə. Isikavaya görə, hətta ən bəsit statistik metodlardan istifadə etməklə müəssisələrdə yaranan problemlərin 90-95%-ni həll etmək olar. Onu da qeyd etmək lazımdır ki, bu gün dünyada “səbəb-nəticə” və yaxud “balıq skleti” kimi tanınan İsikava diqramı müəssisə menecerlərinə proseslər zamanı meydana gələn potensial problemlərin yaranma səbəblərini təhlil etməklə, onların effektiv həllinə nail olmağın yollarını göstərir.

İsikava potensial problemlərin analizi zamanı müəssisədə aşağıdakı addımların atılmasını vacib hesab edirdi:

  • problemin identifikasiya edilməsi;
  • problemin əsas səbəblərinin müəyyən edilməsi;
  • hər bir əsas səbəbi doğuran aralıq səbəbi müəyyənləşdirmək üçün kollektivdə yaradıcı ideyaların aşkar edilməsi;
  • təsir imkanları daha yüksək və daha aşağı səviyyədə olan səbəblərin müəyyən edilməsi;
  • məlumatları toplanılmaqla ehtimal olunan səbəblərin yoxlanılması və analiz vasitəsilə onların tədqiq edilən problemə təsirinin müəyyənləşdirilməsi.

İsikavaya görə, məhsul istehsalı və xidmət göstərilməsi prosesində yaranan potensial problemlər və onların səbəbləri bir sıra amillərlə (istifadə olunan metodlar, materiallar, işçi qüvvəsi, avadanlıq, xarici mühit və s.) əlaqəlidir. Keyfiyyətə daha geniş mənada yanaşan İsikava, onu təkcə məhsulun keyfiyyəti kimi deyil, həm də satışdan sonrakı xidmətin keyfiyyəti, bütövlükdə isə şirkətin və onun hər bir işçisinin effektiv fəaliyyətinin nəticəsi olaraq qiymətləndirirdi. Isikavanın konsepsiyasının əsasında insan fəaliyyətinin bütün sahələrində keyfiyyətin yaxşılaşdırılması ideyası dururdu.

Bununla əlaqədar olaraq böyük alim yazırdı: “Keyfiyyət abstrakt kateqoriya deyildir, o hər bir insanın hiss etdiyi, istənilən işin konkret olaraq məqsədəuyğunluğunu, faydalılığını və effektivliyini ölçən alətdir. Keyfiyyətin yüksəldilməsi məhsulun həyat tsiklinin bütün mərhələlərində (marketinq - işlənib hazırlanma - istehsal - istehlak - utilizasiya) xərclərin (itkilərin) azaldılmasına və beləliklə də, məhsulların maya dəyərinin, qiymətlərinin aşağı düşməsinə və insanların həyat səviyyəsinin yüksəldilməsinə gətirib çıxarır”. İsikava məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsini hər bir şirkətin və bütövlükdə ölkənin iqtisadi uğur qazanmasının əsas şərti hesab edirdi.
Elmi axtarışlarla zəngin olan fəaliyyətinin böyük bir hissəsini keyfiyyəti idarəetmənin inkişafına sərf etmiş böyük alim İsikava xüsusi xidmətlərinə görə 1952-ci ildə yaponlar arasında ilk dəfə bu sahədə ən ali mükafat - “Deminq adına mükafat”a, həmçinin müxtəlif illərdə digər nüfuzlu mükafatlara layiq görülmüşdür.

İsikava “Keyfiyyətə nəzarət üzrə rəhbərlik ”, “Ümumi keyfiyyəti idarəetmə nədir? Yapon yolu “, “Keyfiyyəti idarəetmənin yapon metodları” və s. əsərlərin müəllifidir.

 



Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com