“OBA Market” MMC ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb


26 may 2025-ci il tarixində Azərbaycanın aparıcı pərakəndə satış şirkətlərindən biri olan “OBA Market” MMC və Keyfiyyət Assosiasiyası nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə hər iki tərif üçün maraq doğuracaq istiqamətlər üzrə əməkdalıq imkanları və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində tərəflər arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
Anlaşma Memorandumuna əsasən tərəflər arasında keyfiyyət infrastrukturunun formalaşdırılması, beynəlxalq standartların tətbiqi, mövcud idarəetmə proseslərinin sistemləşdirilməsi, yaxşılaşdırılması, beynəlxalq keyfiyyət və idarəetmə standartları üzrə birgə təlimlərin təşkili və keçirilməsi, habelə hər iki tərəf üçün maraq döğuracaq istiqamətlər üzrə təcrübə mübadiləsinin aparılması, layihə və tədbirlərin (konfrans, seminar, simpozium, bençmarkinq, dəyirmi masa və sairə) həyata keçirilməsi nəzərdə tutulur.
Onu da qeyd edək ki,“OBA Market” MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli qonşu marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskaunt market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil olub. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir. Əsas hədəflərindən biri alıcılara daha yaxın olmaq olan marketlər şəbəkəsi 10 000-dən artıq əməkdaş heyətini özündə birləşdirən şəbəkə olaraq ölkəmizin əksər bölgələrində fəaliyyət göstərir. “Elimizin hər yanı, “OBA”mızın ünvanı” şüarı ilə fəaliyyət göstərən marketlər şəbəkəsinin mövcud mağazalarının sayı Bakı, Sumqayıt, digər şəhər və rayonlar da daxil olmaqla, ümumilikdə 1170 mağazanı aşmışdır.
“OBA” marketlər şəbəkəsi özünə aid özəl marka məhsulları ilə yanaşı, dünyanın tanınmış markalarının da məhsullarını öz rəflərində yerləşdirməklə məhsul çeşidlərinin müxtəlifliyini təmin edib.