Xəbərlər

7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Hər il 7 iyun tarixində qlobal miqyasda Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi qeyd olunur. Bu gün Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən dəstəklənir və bütün dünyada müxtəlif maarifləndirici tədbirlərlə qeyd olunur.

2026-cı ildə Ümumdünya Qida Təhlükəsizliyi Günü “Yüklərdən həllərə doğru – hər yerdə təhlükəsiz qida” şüarı ilə qeyd olunur. Bu mövzu qida mənşəli xəstəliklərin insan sağlamlığına, cəmiyyətə və iqtisadiyyata vurduğu yükü azaltmaq üçün effektiv həll yollarının tətbiqinin vacibliyini vurğulayır. Təhlükəsiz qida sistemlərinin qurulması, elmi yanaşmaların təşviqi, qabaqlayıcı tədbirlərin gücləndirilməsi və bütün maraqlı tərəflərin əməkdaşlığı hər kəs üçün təhlükəsiz qidaya çıxışın təmin edilməsinə xidmət edir.

Qida təhlükəsizliyi – sağlam gələcəyin təminatıdır. Təhlükəsiz qida sağlam insanların, sağlam cəmiyyətin və dayanıqlı gələcəyin əsasını təşkil edir. Bu səbəbdən qida zəncirinin bütün mərhələlərində təhlükəsizlik qaydalarına riayət etmək hər birimizin ümumi məsuliyyətidir.

Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkəmizdə əhalinin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təmin olunması, qida məhsullarının istehsalı və emalı proseslərində beynəlxalq standartların tətbiqi, eləcə də bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Qida təhlükəsizliyi yalnız aidiyyəti qurumların deyil, həm də hər bir vətəndaşın məsuliyyət daşıdığı mühüm sahədir. Qidanın istehsalından süfrəyə çatdırılmasına qədər bütün mərhələlərdə təhlükəsizlik qaydalarına əməl olunması insanların sağlamlığının qorunmasına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və cəmiyyətin rifahının yüksəldilməsinə xidmət edir.

Tərəfdaşlar