Xəbərlər

Milli Observatoriya ISO 30401 beynəlxalq standartının tətbiqi üzrə məsləhət layihəsi uğurla həyata keçirilmişdir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada ISO 30401:2018 Biliklərin idarə edilməsi sistemi adlı beynəlxalq standartlarının tələblərinə uyğun idarəetmə sisteminin qurulması və tətbiqi üzrə məsləhət layihəsi uğurla həyata keçirilmişdir.

Keyfiyyət Assosiasiyasının aparıcı mütəxəssisləri tərəfindən icra edilmiş layihə çərçivəsində Milli Observatoriyanın struktur bölmələrinin fəaliyyətinin ilkin qiymətləndirilməsi aparılmış, idarəetmə sistemi sənədlərinin hazırlanması istiqamətində metodiki dəstək göstərilmiş, standartların tətbiqi ilə bağlı əməkdaşlar üçün təlimlər təşkil olunmuşdur. Bununla yanaşı, görülmüş işlərin və idarəetmə sisteminin mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə daxili audit keçirilmiş, həmçinin sertifikatlaşdırma prosesinə hazırlıqla bağlı müvafiq tövsiyələr verilmişdir.

Layihənin icrasının sonrakı mərhələsində Milli Observatoriyadnın idarəetmə sisteminin və qurumun struktur bölmələrinin fəaliyyətinin sözügedən standartların tələblərinə uyğunluğu və adekvatlığı yoxlanılıb. Audit yoxlaması zamanı Milli Observatoriyanın ISO 30401 standartının tələblərinə tam cavab verdiyi təsdiqlənmiş və görülmüş işlərin nəticəsi olaraq müvafiq hesabat hazırlanaraq rəhbərliyə təqdim edilmişdir.

Qeyd edək ki, Milli Observatoriya əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində fəaliyyət göstərir, peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində nazirliyin təlim bazası qismində iştirak edir. Ümumilikdə Milli Observatoriyanın fəaliyyəti əsasən dörd platformada təşkil olunub: Sorğu və Monitorinq Mərkəzi, Təhlil və Tədqiqat Mərkəzi (“Beyin mərkəzi”), Qiymətləndirmə Mərkəzi, Təlim və İnkişaf Mərkəzi.
Əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi Milli Observatoriyanın əsas vəzifələri sırasındadır. Qurumun fəaliyyət istiqamətlərinə eləcə də iqtisadi fəal əhalinin, məşğulluğun kəmiyyət tərkibinin, keyfiyyət göstəricilərinin müasir vəziyyətini, onların dəyişilməsinə təsir göstərən sosial-iqtisadi şəraitin təhlil edilməsi, bu əsasda cari və perspektiv proqnozların hazırlanması, strateji məşğulluq sahələrinin müəyyən edilməsi, vakansiyalar bazasının və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatların bir-biri ilə əlaqələndirilmiş təhlili daxildir.

Tərəfdaşlar