Keyfiyyəti
idarəetmə

Autsorsinq - biznes proseslərin optimallaşdırılması modeli kimi

Autsorsinq - biznes proseslərin optimallaşdırılması modeli kimi

Autsorsinq ( ing. outsourcing – xarici mənbədən, resursdan istifadə edilməsi) təşkilat tərəfindən biznes proseslərin və yaxud istehsal funksiyalarının həyata keçirilməsi ilə bağlı müəyyən işlərin icrasının bu sahədə ixtisaslaşmış başqa şirkətə həvalə edilməsidir. Autsorsinq adətən, müəyyən sistemlərin və infrastrukturun fasiləsiz olaraq effektiv işləməsini təmin etmək, həmçinin bu sistemlərin və infrastrukturun peşəkar fəaliyyətini dəstəkləmək məqsədilə uzun müddət üçün nəzərdə tutulur (1 il və daha artıq müddətə). Təcrübə göstərir ki, autsorsinq xidmətlərindən istifadə olunması müəssisələrdə xərclərin azaldılmasına, təşkilati, maliyyə və insan resurslarına qənaət edilməsinə, bütövlükdə biznesin effektivliyinin yüksəldilməsinə gətirib çıxarır. Keçən əsrin 90-cı illərinin əvvəllərində qərbdə meydana gələn və biznes sahəsində uğurlu nəticələrin əldə olunmasına imkan verən autsorsinqin növləri aşağıdakılardır:

  • biznes proseslərin autsorsinqi;
  • istehsal autsorsinqi;
  • informasiya texnologiyaları üzrə autsorsinq;
  • biliklərin idarə olunması üzrə autsorsinq;

Biznes proseslərin autsorsinqi - biznesin logistika, personalın idarə edilməsi, marketinq tədqiqatları, reklam və s. kimi funksiyalarının, autsorsinqi həyata keçirən şirkətə verilməsini nəzərdə tutur. Onu da qeyd edək ki, müasir dövrdə autsorsinqin bu növü dünyanın biznes strukturları tərəfindən uğurla tətbiq olunur. Ümumiyyətlə, biznes proseslərin mövcudluğu autsorsinqi, biznes sahəsində göstərilən digər xidmət formalarından fərqləndirən əsas xüsusiyyətdir.

İstehsal autsorsinqi - müəssisənin istehsal zəncirinin bir hissəsinin, hətta bütün istehsal tsiklinin idarə edilməsinin, autsorsinq aparan şirkətə verilməsini nəzərdə tutur. Bundan başqa autsorsinq çərçivəsində müəssisənin ayrı-ayrı bölmələrinin gələcəkdə satılması variantları müzakirə oluna bilər. Təcrübədə bu kimi hallara tez-tez rast gəlinir, məsələn bir müəssisə məhsulun layihələndirilməsi, quraşdırılması və satışı ilə məşğuldur, istehsal tsiklinin aralıq seqmentləri isə digər şirkət tərəfindən idarə olunur və yaxud da həmin şirkətə satılmışdır. Məsələyə bu cür yanaşma şirkət rəhbərlərinə və menecerlərə istehsalı çevik idarə etmək və xərcləri azaltmaq imkanı verir.

Hal-hazırda dünyanın bir çox şirkətlərində (məsələn, ABŞ şirkətlərinin təxminən 50% -i) istehsal prosesinin ən azı bir seqmentinn idarə olunması digər şirkət tərəfindən həyata keçirilir.

İnformasiya texnologiyaları üzrə autsorsinq - şirkət tərəfindən şəbəkə infrastrukturuna xidmət göstərilməsi, avtomatlaşdırılmış biznes sistemlərinin layihələndirilməsi, həyata keçirilməsi və gələcək inkişafı, sistemləşmiş inteqrasiya və proqramlaşdırma ilə bağlı funksiyaların tamamilə və ya qismən autsorsinq xidməti göstərən şirkətə verilməsini nəzərdə tutur.

Müəssisələrin əksəriyyətində informasiya texnologiyaları bir qayda olaraq, qeyri ixtisas funksiyaları hesab edilir və onların işlək vəziyyətdə saxlanılması üçün ya mütəxəssislər işə götürülməli, ya da bu funksiyalar üzərində nəzarət xarici bir quruma həvalə edilməlidir. Bu baxımdan informasiya texnologiyaları üzrə autsorsinq müəssisəyə aşağıdakıları əldə etməyə imkan yaradır:

  • təşkilat strukturu asanlaşır;
  • ümumilikdə müəssisənin idarəçiliyi yaxşılaşır;
  • işgüzar proseslərin davamlılığı təmin edilir;
  • işlərin yerinə yetirilməsi üçün yüksək ixtisaslı mütəxəssislər cəlb edilir;
  • İT infrastrukturuna qoyulan xərclərin şəffaflığı və idarə olunması təmin edilir.

Biliklərin idarə olunması üzrə autsorsinq - məlumatların dərindən öyrənilməsi və ciddi analitik təhlilini və ya işlənməsini tələb edən proseslərin idarə edilməsini, qəbul olunacaq qərarların dəstəklənməsi üçün biliklər bazasının formalaşdırılmasını və idarə edilməsini nəzərdə tutur.

Autsorsinqin dünya praktikasında geniş yayılmış növləri şəkil 1.-də göstərilmişdir.

Onu da qeyd edək ki, dünyanın aparıcı şirkətlərinin təcrübəsində geniş istifadə olunan autsorsinqin tətbiqinin bir sıra formaları mövcuddur ki. onları da aşağıdakı kimi təsnifatlandırmaq olar:

  • tam autsorsinq;
  • qismən həyata keçirilən autsorsinq;
  • təkmilləşdirilmiş autsorsinq.

Tam autsorsinq keçən əsrin 90-cı illərinin ortalarından tətbiq olunmağa başlanmışdır. Autsorsinqin bu forması müəssisənin hər hansı şöbəsinin bəzi funksiyalarının icrasını deyil, əksinə müəyyən istehsal və servis prosesinin bütövlükdə autsorsinq xidmətləri göstərən şirkətə verilməsini nəzərdə tutur.
Qismən həyata keçirilən autsorsinqi xarakterizə edən cəhət isə ondan ibarətdir ki, müəssisə müqavilə əsasında müəyyən olunmuş işlərin hər hansı bir hissəsinin icrasını autsorserə (autsorsinq xidməti göstərən şirkət və ya təşkilat) həvalə edir (məsələn, veb-saytın proqramlaşdırılmasını). Bu zaman strategiyanın işlənib hazırlanması və onun həyata keçirilməsi kimi məsələlər müəssisənin daxili işi olaraq qalır.
Təkmilləşdirilmiş autsorsinq, əsasən tanınmış şirkətlər tərəfindən tətbiq olunur. Bu autsorsinq zamanı şirkət özünün bölüşdürücü rolunu saxlamaqla müəyyən funksiyaların icrasını autsorserlərə həvalə edir.

Araşdırmalar göstərir ki, müəssisələr autsorsinqdən bir sıra amillərin təsiri altında istifadə edirlər. Bu amillərə rəqabət mühitinin mövcudluğunu və müəssisədə resursların çatışmazlığını aid etmək olar. Qeyd olunan amillərlə yanaşı xərclərin azaldılması və məhsulun tələb olunan keyfiyyətinin yüksəldilməsi, həmçinin əmək məhsuldarlığının artırılması kimi məsələlər də müəssisələrdə autsorsinqin tətbiqini aktuallaşdıra bilər. Təcrübə göstərir ki, müəyyən funksiyaların icrasının autsorserə ötürülməsi ilə sifarişçi özünün bütün diqqətini müəssisənin əsas fəaliyyəti üzərinə yönəltmək imkanı əldə edir. Bu həm də, digər məqsədlər üçün nəzərdə tutulan resursların yenidən bölüşdürülməsi yolu ilə onların əsas biznesin inkişafına yönəldilməsi üçün müəssisənin imkanlarını artırır. Ümumiyyətlə, autsorsinqin tətbiqi müəssisədə biznes proseslərin inkişafına müsbət təsir göstərir və çox vaxt autsorser təşkilata çəkilən xərclər, sifarişçi şirkətin öz kadrlarına sərf etdiyi xərclərdən daha ucuz başa gəlir (şəkil 2).

Düzgün təşkil olunmuş autsorsinq müəssisələrdə daha yüksək texnologiyaların tətbiqinə, risklərin azaldılmasına və nəzərdə tutulan işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsinə imkan verir. Müasir müəssisənin idarə edilməsinin texniki, təşkilati, sosial-iqtisadi və başqa tərəflərinin mürəkkəbliyi və qarşılıqlı asılılığı ona gətirib çıxarır ki, ayrı-ayrı sahələrin autsorsinqə verilməsi zamanı çoxlu sayda müxtəlif amilləri nəzərə almaq lazım gəlir. Qarşılıqlı təsir prosesi kimi autsorsinqin keyfiyyəti ilk növbədə onun həyata keçirilmə imkanlarından, vaxtında yerinə yetirilməsindən, istehsal-təsərrüfat probleminin həlli yollarının və vasitələrinin düzgün seçilməsindən bilavasitə asılıdır. Bir sıra analitiklərin fikrincə, XXI əsr autsorsinq əsri olacaq. Analitiklərin belə mülahizə yürütmələrinə ciddi əsaslar var. Belə ki. son illərin statistikasına görə dünya üzrə autsorsinq xidmətlərindən istifadə edən şirkətlərin sayı xeyli artmışdır və hazırda biznesin aparılmasının bu modeli təkcə iri şirkətlərdə deyil, həm də orta və xırda şirkətlərdə də uğurla tətbiq edilir. Dünyanın qabaqcıl şirkətlərinin təcrübəsinə əsaslanaraq demək olar ki, mürəkkəb, çoxməqsədli, çoxaspektli və dinamik bir biznes modeli kimi autsorsinq - müəssisələrdə fəaliyyətin effektiv idarə edilməsini, məhsulların keyfiyyətinin yaxşılaşdırılmasını və bütövlükdə, xərclərin azaldılmasına kömək edə bilər.

Ədəbiyyat

1. Дж. Брайан Хейвуд. Аутсорсинг: в поисках конкурентных преимуществ - Outsourcing Dilemma, The: The Search for Competitiveness. — М.: «Вильямс», 2004, c. 176. Михайлов Д.В. Аутсорсинг. Новая система организации бизнеса. Учебное пособие. — М.: КноРус, 2006.
2. Бравар Ж-Л, Морган Р. Эффективный аутсорсинг. Понимание, планирование и использование успешных аутсорсинговых отношений. — М.: Баланс Бизнес Букс, 2007.
3. Евгений Аксенов, Игорь Альтшулер. Аутсорсинг: 10 заповедей и 21 инструмент. — СПБ: Питер, 2009., c. 464.
4. А.Д.Воронченок, А.С.Тихомиров, С.В.Скородумов. Аутсорсинг высоких технологий при создании новой техники. — Москва, 2006.

Samir Novruzlu
"Keyfiyyət Assosiasiyası" İctimai Birliyinin sədri
"Keyfiyyət idarəetmə üzrə işçi qrupu"nun rəhbəri

Tərəfdaşlar