Keyfiyyəti idarəetmə

ISO 9001:2015 beynəlxalq standartının ali təhsildə tətbiqi

2000-ci ildə Helsinki şəhərində Bolonya prosesi ölkələri tərəfindən təsis edilən ENQA «European Network for Quality Assurance in Higher Education» təşkilatının qəbul etdiyi «European Standards and Guidelines for Quality Assurance of Higher Education (ESG) » adlı sənədində Ali təhsilin keyfiyyətinin aşağıda göstərilən tələblər bəyan edilmişdir:

1.1 Keyfiyyətin təmini üzrə təsdiqlənmiş siyasət və prosedurlar olmalıdır;
1.2 Tədris proqramlarının monitorinqi və təkmilləşdiriləsi fasiləsiz xarakter almaldır;
1.3 Tələbələrin qiymətləndirilməsi prosesi daim təkmilləşdirilməlidir;
1.4 Müəllim personalının keyfiyyəti təmin edilməlidir;
1.5 Tədris prosesində tələbələr zəruri resuslarla təmin edilməlidir;
1.6 Məlumatların (tədris, davamiyyət, universitetin məzunlarına əmək bazarında tələbat, sorğuların nəticələri ) toplanılması, emalı və təhlili təmin edilməlidir;
1.7 Cəmiyyətə açıqlıq (fəaliyyət şəffaflığı) təmin edilməlidir.

Keyfiyyətli təhsil dövlətin, cəmiyyətin və təhsilalanların təhsil sisteminə sosial tələbidir. Təhsil sahəsində aparılan bütün islahatların məqsədi məhz onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. Azərbaycan Respublikası 2005-ci il may ayının 19-da Norveçin Berqen şəhərində Boloniya prosesinə qoşulduqdan sonra Boloniya deklarasiyasının müddəalarını həyata keçirmək məqsədilə Təhsil Nazirliyinin 668 saylı, 27.09.2005-ci il tarixli əmri ilə işçi qrupu yaradılmışdır və göstərilən tələblərin tətbiqi üzrə böyük işlər görülmüşdür. Lakin işlərin səmərəliliyini və surətini artırmaq məqsədi ilə ali təhsil müəssisələri bir alət kimi İSO 9001 beynəlxalq standartından yaralana bilərlər. İSO 9001 “Keyfiyyəti idarəetmə sistemi” sertifikatı beynəlxalq təhsil sistemindəkı yeniliklərə çevik uyğunlaşmaq imkanı yaradır. Beynəlxalq standartlarla fəaliyyət göstərən universitetlərlə əməkdaşlıq imkanlarını asanlaşdırır və müqavilələr çox rahatlıqla bağlanır. Təhsil sistemində beynəlxalq təcrübənin tətbiqi həm də müsbət imicin formalaşmasına zəmin yaradır.Beynəlxalq sertifikatın əsas üstünlüklərindən biri də odur ki, idarəçilik prosesində şəffaflıq təmin edilir, neqativ halların qarşısı alınır. Bir çox sənədləşmə, daxili audit yoxlaması və bu prosesdə iştirak edən digər beynəlxalq normalara riayət olunur.

2016-ci ilin əvvəlindən Azərbaycan Texnologiya Universitetində standartın 2015-ci il versiyası əsasında keyfiyyətin idarəetmə sisteminin qurulması layihəsinin icrasına start verilib.Qeyd edək ki, bu layihə Azərbaycanın təhsil sistemində İSO 9001:2015 standartının ilk tətbiq təcrübəsidir. İşlərin yerinə yetirilməsi üçün rektorun əmri ilə işçi qrupu yaradılmış və tətbiq üzrə fəaliyyətini planı təsdiq edilmişdir. Keçən müddət ərzində universitetin bütün struktur vahidlərində istifadə edilən sənədlər inventarlaşdırılıb, fəaliyyət prosesləri müəyyənləşdirilib və təsvir edilmişdir (bax cədvəl 1).

Əvvəlki versiyalardan fərqli olaraq ISO 9001:2015 standartı təşkilat və müəssisələrdən fəaliyyət göstərdikləri daxili və kənar mühiti, mövcud və gələcəkdə ona təsir edən amillərin nəzərə alınmasını və marağlı tərəflərin müəyyən edilməsini tələb edir. ATU-nun Marketing kafedrası tərəfindən universitetin 2016-2020-ci illər üzrə inkişafının strateji planı hazırlanıb və müzakirəyə təqdim olunub. Bu plan ISO 9001 standartının əsas tələblərindən biri olan keyfiyyət üzrə illik hədəflərinin düzgün müəyyən edilməsinə real zəmin yaradır.

ISO 9001 standartının əsas hədəflərindən biri müəssisənin fəaliyyətinin müştərilərin istək və tələbləri üzərində qurmaqla, onların məmnunluğunun təmin edilməsidir. Məhz, bu səbəbdəndir ki, standartda “müştəri məmnunluğu” əsas tələb kimi irəli sürülür və bütün əməliyyatlarda bu məsələyə diqqət yönəldilir. Bununla əlaqədar olaraq 2016-cı ilin mart ayında universitetin magistrantura və bakalavr hazırlığı üzrə I və II kurs tələbələri arasında “Universitet tələbənin gözü ilə” sorğusu keçirilmişdir. Tələbələrdən aşağıdakı sualların cavablandırıması xahiş olunurdu (bax cədvəl 2):

Sorğunun nəticələri üzrə ən yüksək göstəricilər 1-ci və 9-cu suallar (müvagiq olaraq 67,5 % və 69,9%) üzrə olmuşdur. Ən aşağı göstəricilər isə 4-cü,5-ci və 6-cı sualları (müvagiq olaraq 17,3%;21,4% və 18,3 %).Sorqunun nəticələri Azərbaycan Texnologiya Universitetində 07 aprel 2016 cı il tarixində keçirilmiş Elmi Şuraya təqdim edilmişdir. Yaxın gələcəkdə univerisitetin müəllimləri,tələbələrin valideynləri və məzunlar işləyən müəssisə və təşkilatlar arasında da sorğuların keçirilməsi planlaşdırlır.

Sistemin tətbiqində və davamlı fəaliyyətinin təmin edilməsində daxili auditlərin keçirilməsi zəruri amillərdəndir. Daxili audit – sistemin səmərəli işləməsinin monitoringi və yoxlanılması üçün əsas vasitələrdən biridir. Hal-hazırda ATU rektoru tərəfindən təsdiq edilmiş illik plan əsasında universitetin bütün kafedralarında və struktur bölmələrində daxili auditlərin keçirilməsi prosesinə başlanılmışdır.

Beynəlxalq standartın tətbiqi müxtəlif növ müəssisə və təşkilatlar üçün məcburi xarakter daşımır. Lakin istər daxili bazarda, istərsə də dünya bazarında rəqabətlilik qabiliyyətinə davam gətirmək üçün standartların tətbiqi mütləqdir.

Müəllif:
Qalib Qabil oğlu Şərifov, i.e.f.d.,

Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar tədarük və təchizat” ASC-nin Keyfiyyətin idarəedilməsi şöbəsinini müdiri
“Keyfiyyət Assosiasiyası” İctimai birliyinin tam üzvü, "Keyfiyyəti idarəetmə" üzrə işçi qrupunun üzvü

Tərəfdaşlar