Keyfiyyət Assosiasiyası ISO 15189:2022 “Tibbi laboratoriyalar - Keyfiyyət və səriştəliliyə olan tələblər” mövzusunda seminar keçirib


Son illər səhiyyə sistemində aparılan əsaslı islahatlar, səhiyyə idarəçiliyi və maliyyələşməsinin yeni müasir konsepsiyalara uyğun formalaşdırılması, ən qabaqcıl beynəlxalq təcrübədən istifadə sayəsində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsində, həmin xidmətlərin əlçatanlığının təmin edilməsində, həmçinin səhiyyənin maddi-texniki təchizatında, onun qanunvericilik bazasının möhkəmləndirilməsində əhəmiyyətli rol oynamışdır.
Səhiyyə sektorunun vətəndaşlarımızın sağlamlığının təmin edilməsindəki əvəzedilməz rolunu nəzərə alaraq, ölkəmizin səhiyyə və tibb sektorunda beynəlxalq və milli standartların təbliğinə səhiyyə və tibb təşkilatlarında keyfiyyət və idarəetmə sistemlərinin effektiv fəaliyyətinə töhfə və dəstək vermək məqsədilə “Keyfiyyə Assosiasiyası” İctimai Birliyi tərəfindən 2023-cü ildə “Səhiyyə və tibb müəssisələrində keyfiyyət infrastrukturunun yaradılmasına dəstək” layihəsinə başlanılıb. Bu layihə çərçivəsində 12 dekabr 2025-ci il tarixində Keyfiyyət Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı, CAS Azerbaijan Chapter inin dəstəyi ilə Azərbaycan Texniki Universitetində ISO 15189 “Tibbi laboratoriyalar – Keyfiyyət və səriştəlilik üzrə tələblər” mövzusunda seminar keçirilib.
Seminarda Mudafiyə Nazirliyi Baş Klinik Hospitali, Mərkəzi Gömrük Hospitalı, Respublika Qan Bankı, Milli Onkologiya Mərkəzi və Bakı Patologiya Mərkəzi, Səhhət Hospitalı, Referans Klinik Laboratoriyası, Bakı Patologiya Mərkəzi, Ellab Diaqnostika mərkəzi, BPM VİP, HTC, Bioloji Təbabət Klinikası, Mediland Hospitalı, BRO-EN Laboratoriyası, İnci Laboratoriyaları, İstanbul NS klinikası, SunLab Labratoriyası, OKİ Hospitalı, Memorial Hospitalı, Melhem International Hospitalı, Diaqnoz Tibb Mərkəzi, Altium İnternational Laboratoriya Cihazları MMC, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” – nin rəhbər şəxsləri, həmçinin müvafiq sahə üzrə mütəxəssislər iştirak ediblər.
Seminar ISO 17029, 17043, 17020, 17034 və 17021 standartları üzrə tanınmış mütəxəssis, həmçinin ISO 15189 və ISO 17025 standartları üzrə onlarla və daha çox layihənin məsləhətçisi olmuş, qeyd olunan standartlar üzrə peşəkar təlimçi Receb Yeşilgöz tərəfindən aparılıb.
Seminarın əsas məqsədi tibbi laboratoriyalarda keyfiyyətin idarə olunması, beynəlxalq standartların tətbiqi və laboratoriyaların akkreditasiyası sahəsində bilik və təcrübənin artırılması olmuşdur.
Seminarda ISO 15189 standartının tələbləri, tətbiq mexanizmləri və praktik əhəmiyyəti barədə ətraflı məlumat verilib, mövzularla bağlı fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandığı suallar cavablandırılıb.
Qeyd edək ki, ISO 15189 tibbi laboratoriyaların fəaliyyətində keyfiyyətin təmin olunması və texniki səriştəliliyin qiymətləndirilməsi üçün əsas çərçivəni müəyyən edən beynəlxalq standartıdır. ISO 15189 standartı tibbi laboratoriyalarda dəqiq və etibarlı nəticələrin əldə olunmasını, laboratoriya proseslərinin standartlaşdırılmasını, keyfiyyət idarəetmə sisteminin yaradılmasını və davamlı yaxşılaşdırılmasını dəstəkləmək məqsədilə işlənib hazırlanmışdır. Standart həm dövlət, həm də özəl tibbi laboratoriyalar üçün nəzərdə tutulub.