Keyfiyyət tv

FSSC 22000 sertifikatlaşdırma sxeminin 7-ci versiyası rəsmi olaraq dərc olunub

FSSC Fondu qida məhsullarının təhlükəsizliyi idarəetmə sistemləri (QMTİS) üçün nəzərdə tutulmuş, beynəlxalq səviyyədə tanınan FSSC 22000 sertifikatlaşdırma sxeminin 7-ci versiyasını rəsmi şəkildə yayımlamışdır. Bu yenilənmə qida məhsullarının istehsalı, emalı və təchizatı sahəsində fəaliyyət göstərən təşkilatlar üçün mühüm əhəmiyyət kəsb edir. Yeni versiyada tələblərin məzmununda, strukturunda və terminoloji yanaşmalarda əhəmiyyətli dəyişikliklər və redaktə xarakterli təkmilləşdirmələr edilmişdir.

7-ci versiyanın əsaslandığı normativ sənədlər

FSSC 22000 sertifikatlaşdırma sxeminin 7-ci versiyası aşağıdakı normativ sənədlərə əsaslanır:

• ISO 22000:2018 – Qida məhsullarının təhlükəsizliyini idarəetmə sistemləri. Qida zəncirində iştirak edən təşkilatlara olan tələblər;
• ISO 22002-x:2025 – İlkin Şərtlər proqramı (PRP/PPU) üzrə standartlar seriyası;
• FSSC 22000 Sxemi Hissə 2 – FSSC 22000 sxeminin əlavə tələbləri.

Yeni versiyanın hazırlanmasının əsas səbəbləri

FSSC 22000 sxeminin 7-ci versiyasının hazırlanması bir sıra strateji və normativ dəyişikliklərlə əlaqədar olmuşdur:

• 2025-ci ildə ISO 22002 standartlar seriyasının yenilənməsi;
• Sxemin Global Food Safety Initiative tərəfindən müəyyən edilmiş 2024-cü il tələblərinə uyğunlaşdırılması;
• BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfənin gücləndirilməsi;
• Qida zəncirinin alt kateqoriyalar üzrə daha strukturlaşdırılmış şəkildə bölünməsi;
• Davamlı yaxşılaşdırma çərçivəsində redaktə xarakterli və terminoloji düzəlişlərin aparılması.

FSSC 22000 (v.7) sxemində əsas dəyişikliklər

1. ISO/TS seriyasının ISO 22002-x:2025 standartları ilə əvəz olunması

Yeni versiyada əvvəlki ISO/TS 22002-x texniki spesifikasiyalarından imtina edilərək onların yerinə ISO 22002-x:2025 standartlar seriyası tətbiq edilmişdir. Bu dəyişiklik ilkin şərtlər proqramının strukturunun yenidən formalaşdırılması və müasirləşdirilməsi məqsədi daşıyır.

2025-ci ilin iyul ayında nəşr olunmuş ISO 22002-100:2025 standartı qida, yem və qablaşdırma təchizat zənciri üzrə ümumi tələbləri vahid çərçivədə birləşdirərək əvvəlki sənədlərdəki mövcud olan təkrarlanmalar və mürəkkəblik azalmışdır.

Artıq təşkilatlar üçün həm ISO 22002-100:2025 standartının, həm də fəaliyyət sahəsinə uyğun sektor əlavəsinin tətbiqi məcburidir.

Məsələn:

• ISO 22002-1:2025 – qida məhsullarının istehsalı;
• ISO 22002-2:2025 – ictimai iaşə;
• ISO 22002-4:2025 – qida qablaşdırmasının istehsalı;
• ISO 22002-5:2025 – daşınma və saxlanma;
• ISO 22002-6:2025 – yem istehsalı;
• ISO 22002-7:2025 – pərakəndə və topdansatış ticarəti.

Bu yanaşma müxtəlif sektorlarda fəaliyyət göstərən təşkilatlar üçün tətbiq prosesini daha sadə və vahid etmişdir.

2. Dayanıqlı inkişaf məqsədləri üzrə tələblərin gücləndirilməsi

7-ci versiyaya qablaşdırma tullantılarının azaldılmasına yönəlmiş “Save Food Packaging Design” prinsipləri daxil edilmişdir. Bu prinsiplər Avstraliya Qablaşdırma İnstitutu (The Australasian Institute of Packaging - AIP) tərəfindən hazırlanmış və Dünya Qablaşdırma İnstitutu tərəfindən uyğunlaşdırılmışdır.

Yeni tələblərə əsasən, qablaşdırma materiallarının layihələndirilməsi ilə məşğul olan təşkilatlar tullantıların azaldılması və dayanıqlı qablaşdırma dizaynı prinsiplərini idarəetmə sisteminə inteqrasiya etməlidirlər.

3. Auditorlara dair yeni tələblər

Auditorların kompetensiya meyarları yenilənmiş və GFSI-nin aktual tələblərinə uyğunlaşdırılmışdır.

Yeni yanaşma auditorlardan aşağıdakı sahələr üzrə daha dərin bilik və bacarıqlar tələb edir:

• məhsul xüsusiyyətləri;
• texnoloji proseslər;
• istehsalat təcrübələri;
• qanunvericilik və normativ tələblər;
• sahəvi standartlar və texniki tənzimləmələr.

4. Süni intellektin tətbiqi

FSSC 22000 sxeminin 7-ci versiyasında ilk dəfə olaraq süni intellektin (AI) tətbiqinə dair tələblər müəyyən edilmişdir.

Sxemə əsasən, süni intellektdən istifadə:

• etik və şəffaf prinsiplərə uyğun olmalı;
• risk qiymətləndirilməsi ilə müşayiət edilməli;
• validasiya və monitorinq prosedurlarını əhatə etməli;
• məsuliyyət və səlahiyyət bölgüsü aydın şəkildə müəyyən edilməlidir.

Bununla yanaşı vurğulanır ki, süni intellekt insan qərarverməsini əvəz etməməli, onu dəstəkləyən vasitə kimi çıxış etməlidir.

FSSC 22000 (v.7) versiyasının üstünlükləri

Yeni versiyanın əsas üstünlükləri aşağıdakılardır:

• ilkin şərtlər proqramı üçün vahid baza standartının yaradılması;
• çoxsahəli təşkilatlar üçün tətbiq prosesinin sadələşdirilməsi;
• dayanıqlı qablaşdırma dizaynı vasitəsilə tullantıların azaldılmasının təşviqi;
• qida təhlükəsizliyi idarəetmə sistemlərinin daha strukturlaşdırılmış və effektiv şəkildə idarə olunması.

Keçid müddəti

FSSC 22000 sxeminin 7-ci versiyasına keçid üçün 12 aylıq keçid dövrü müəyyən edilmişdir.

• 6-cı versiya üzrə auditlərin keçirilməsinə 30 aprel 2027-ci il tarixinədək icazə veriləcəkdir;
• 7-ci versiyaya uyğun keçid auditləri isə 1 may 2027-ci il tarixindən 30 aprel 2028-ci il tarixinədək həyata keçiriləcəkdir.

Partners