Resurslar

Keyfiyyət planı

Keyfiyyət planı nədir?

Keyfiyyət planı müəyyən məhsul, xidmət, layihə və ya müqavilə ilə bağlı
eyfiyyət standartlarını, metodlarını, resurslarını, spesifikasiyalarını və fəaliyyət
ardıcıllığını müəyyən edən sənəd və ya sənədlər seriyasıdır.

Keyfiyyət planında aşağıdakılar öz əksini tapmalıdır:

  • əldə ediləcək məqsədlər (məsələn, performans və ya spesifikasiyalar, effektivlik, estetika, dövrülük müddəti, xərc, resurslar, istifadə, etibarlılıq və s.);
  • təşkilatın əməliyyat təcrübələrini və ya prosedurlarını təşkil edən proses addımları;
  • prosesin və ya layihənin müxtəlif mərhələlərində məsuliyyətlərin, səlahiyyətlərin və resursların bölüşdürülməsi;
  • tətbiq ediləcək xüsusi sənədləşdirilmiş standartlar, təcrübələr, prosedurlar və təlimatlar
  • müvafiq mərhələlərdə uyğun sınaq, yoxlama, imtahan və audit proqramları;
  • proses yaxşılaşdıqca keyfiyyət planına dəyişikliklərin edilməsi üçün sənədləşdirilmiş prosedurlar;
  • keyfiyyət üzrə məqsədlərə nail olunub-olunmadığının ölçülməsi üsulu;
  • məqsədlərə nail olmaq üçün zəruri olan digər tədbirlər.

Ən yüksək səviyyədə keyfiyyət üzrə məqsədlər və planlar təşkilatın ümumi strateji planları ilə inteqrasiya olunmalıdır. Təşkilatın məqsədləri və planları bütün təşkilatda yayıldıqca, hər bir funksiya yüksək səviyyəli məqsəd və vəzifələrə nail olmaq üçün özünün effektiv üsulunu işləyib hazırlamalıdır.

Aşağı səviyyələrdə keyfiyyət üzrə plan fəaliyyət planı rolunu oynayır. Bu cür planlar nail olduqları nəticədən asılı olaraq müxtəlif formalarda təqdim oluna bilərlər.

Keyfiyyət planı necə tərtib olunur?

Keyfiyyətə təminat və ya keyfiyyətə nəzarət planları istənilən nəticələrin əldə olunmasını təmin etmək üçün təşkilatın prosedurlarını qiymətləndirir və/və ya dəyişdirir. Keyfiyyətə nəzarət planlarına çox vaxt əməl edilməli olan təlimatlar toplusu kimi baxılır. Onlar layihənin planlaşdırılması, həyata keçirilməsi və qiymətləndirilməsi prosedurlarını, eləcə də istənilən keyfiyyət təminatı və ya keyfiyyətə nəzarət fəaliyyətlərini sənədləşdirir.

Keyfiyyət planı layihə, proses və ya təşkilati ehtiyaclardan asılı olaraq bəzi sahələr digərlərindən daha ətraflı ola bilər. Qeyd etmək vacibdir ki, hər bir plan təşkilatın ehtiyaclarından və keyfiyyət idarəetmə sistemindən asılı olaraq dəyişir. Bununla belə, keyfiyyətə nəzarət planları həmişə planda yaxşılaşdırmalara imkan verəcək şəkildə strukturlaşdırılmalıdır. Bu, işçilərə effektivliyin və keyfiyyətin yaxşılaşdırılmasına dair təkliflər verməyə imkan verir.

Keyfiyyətə nəzarət planlarına bir qayda olaraq aşağıdakılar daxil edilir:

  • qısa tarixcə, ehtiyac, tətbiq sahəsi, fəaliyyətlər və mühüm tarixlər və ya ən son tarixlərin detallı təsvirini özündə ehtiva edən layihənin və ya prosesin icmalı və ya təqdimatı;
  • kənar tədarükçülər də daxil olmaqla komanda üzvlərinin detallı təsvirini əks etdirən təşkilati struktur və ya təşkilati sxem;
  • müəyyən olunmuş vəzifələri yerinə yetirmək üçün lazım olan hər bir komanda üzvünün məsuliyyət və kvalifikasiyaları;
  • işin verifikasiya edilməsi (məsələn, tapşırığın icrasına kim cavabdehlik daşıyır, həmçinin işin yoxlanılmasına kim cavabdehlik daşıyır);
  • kvalifikasiyalı tədarükçülərin siyahısı;
  • sınaq parametrləri;
  • performans standartları və performansın sənədləşdirilməsi üsulları;
  • qəbul meyarları;
  • praktiki nəticələr;
  • müştərilərlə daxili və/və ya xarici əks əlaqə mexanizmi;
  • keyfiyyətə nəzarət prosedurları;
  • auditlər;
  • təlim (məsələn, məlumatlandırma təlimi, iş üzrə xüsusi təlim və ya kvalifikasiyanın artırılması üzrə təlim);
  • qabaqlayıcı və düzəldici fəaliyyətlər;
  • performans reytinqləri və ya performans hesabatları da daxil olmaqla hər hansı istinadlar və ya əlaqəli materiallar.

Keyfiyyət üzrə planın sənədləşdirilməsi

Keyfiyyət üzrə planlar həm geniş strateji keyfiyyət üzrə siyasətləri (bunlar təşkilatın strateji planları ilə bağlıdır), həm də xüsusi hüquqi normaları, sənaye standartlarını, təşkilatın siyasət və prosedurlarını, daxili təlimatlarını və müştərilərin məhsul və ya xidmətlərə dair tələblərinin təmin edilməsi üçün lazım olan ən yaxşı təcrübələrin nəticələrini əks etdirir.

Strateji səviyyəli keyfiyyət üzrə planlar strateji planlaşdırma prosesinin bir hissəsi kimi hazırlanır və həyata keçirilir. Bu genişmiqyaslı keyfiyyət üzrə planlar hər bir funksiya və ya şöbənin köməkçi keyfiyyət planı üçün bələdçi olur. Lazım gələrsə, hər bir funksional bölmə və ya şöbə şirkət daxilində əməliyyat səviyyəsində keyfiyyət təminatə üzrə planları hazırlayıb həyata keçirə bilər.

Əməliyyat səviyyəsinin keyfiyyət üzrə planları çox vaxt istehsalın planlaşdırılması funksiyasının çıxış sənədidir (sənədləridir). Belə ki, bu sənədlərdə tez-tez çertyojlar, müştərinin sifarişinin surəti, tətbiq olunan standartlara, metodlara, prosedurlara və iş təlimatlarına istinadlar və konkret məhsulun necə istehsal olunacağı və ya xidmətin necə göstəriləcəyinə dair fəaliyyətlər daxil edilir.

Partners