Keyfiyyəti idarəetmə

ISO 21001:2018 STANDARTININ AZƏRBAYCAN RESPUBLİKASINDA TƏTBİQİ TƏCRÜBƏSİ: ƏSAS HƏLLƏR VƏ YANAŞMALAR

Xülasə

Müasir şəraitdə təhsil sahəsində ən aktual problem onun keyfiyyətinin yüksəldilməsidir. Ali təhsilin keyfiyyətinə olan tələblərin gücləndirilməsi səmərəli idarəetmə sisteminin yaradılması, həyata keçirilməsi və saxlanılması zərurətini doğurmuşdur. Təhsil xidməti təminatçılarına bu problemin öhdəsindən gəlməyə kömək etmək üçün Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən ISO 21001:2018 - “Təhsil təşkilatları - Təhsil təşkilatları üçün idarəetmə sistemləri - İstifadəyə dair təlimatla birlikdə tələblər” [2] adlanan standart hazırlanıb təqdim edilmişdir.

Məqalədə ölkədə ilk dəfə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ISO 21001:2018 standartının tələblərinin tətbiqi təcrübəsindən bəhs olunur. Təhsil müəssisəsinin kontekstinin müəyyən edilməsi, proseslərin təsnifləşdirilməsi, məsuliyyət bölgüsü və effektiv idarəetmə ilə bağlı tələblər aydınlaşdırılır, strateji inkişaf planı, proseslərin təsvirləri, ölçmə meyarlarını əks etdirən məlumat kartları, risklərin idarəedilməsi, uyğunsuzluqların idarəedilməsi və s. elementlər haqqında məlumatlar və sənəd nümunələri təqdim olunur.

Açar sözlər: ISO, təhsil müəssisəsi, təhsilalanlar, Bolonya sistemi, təhsilin keyfiyyəti, risklərin idarəedilməsi, maraqlı tərəflərin məmnunluğu, uyğunsuzluğun idarəedilməsi, fəaliyyətin qiymətləndirilməsi.

Giriş

Təhsil məhsuldar cəmiyyətin təməlidir. Keyfiyyətli təhsil insanlara nəinki qiymətli nəzəri və praktik biliklər, həm də effektiv qərarlar qəbul etmək bacarığı qazandırır. Bununla belə, təhsil xidmətlərinin keyfiyyəti konkret təhsil müəssisələrindən asılı olaraq geniş şəkildə dəyişə bilər. Ona görə də təhsil müəssisəsinin düzgün seçiminə daha çox diqqət yetirilməlidir. ISO 21001:2018 standartının tələblərinə uyğunluğu təsdiq edən sertifikata malik olan təhsil təşkilatı ilə bu seçimi asanlaşdırmaq olar. Bundan əlavə, hətta uğurla fəaliyyət göstərən təhsil müəssisələri də öz tələbələrinin və digər maraqlı tərəflərin təhsil ilə bağlı gözləntilərinin doğrulmasından məmnunluq dərəcəsini vaxtaşırı qiymətləndirməlidirlər.

Ali təhsil müəssisələri ən mürəkkəb idarəetməyə malik təşkilatlara aid edilə bilər [7]. Onlar kadr potensialının yüksək səviyyəsi, təqdim etdiyi xidmətlərin mürəkkəbliyi, nəticələrinin böyük sosial əhəmiyyətə malik olması, müəllimlərin tədris metodikalarını seçməkdə sərbəstliyi və s. xüsusiyyətlərlə xarakterizə olunur. Belə ki, təhsil müəssisələrinin rəhbərləri hesab edirlər ki, universitetin struktur bölmələri, vəzifəli şəxsləri və işçiləri öz funksiyalarını, universitetin nizamnaməsini, struktur bölmələrinin əsasnamələrini və əməkdaşların vəzifə təlimatlarını yaxşı bilməklə ənənəvi idarəetmə sxeminə uyğun olaraq səmərəli fəaliyyət qura bilərlər. Əlbəttə ki, bu bilgilər olduqca vacibdir, lakin bu yanaşma bir çox halda statik, lokal və qapalı xarakter daşıyır. Təhsil müəssisəsinin bir çox əməkdaşı yalnız özünə aid məhdud öhdəlikləri əzbərləməklə ümumi proseslərin axını, özünün proseslərdə yerini və son nəticəyə təsiri barədə təsəvvür yarada bilmir. Belə vəziyyət universitetlərin son məhsulunun - yüksək biliyə və bacarıqlara malik mütəxəssislərin hazırlanmasında birgə komanda kimi çalışmasına zəmin yarada bilmir. ISO 9001 və sonradan təhsil müəssisələri üçün uyğunlaşdırılmış ISO 21001 standartları göstərilən təzadların aradan qaldırılmasına və əsas fəaliyyət proseslərinin icrası ətrafında strateji inkişaf planları ilə nəzərdə tutulmuş hədəflərin əldə edilməsinə köklənmiş vahid və səmərəli idarəetmə sisteminin formalaşdırılmasına təməl yaradır. Ölkə üzrə ISO 21001:2018 standartının tətbiq olunması və sertifikatlaşdırılması ilk dəfə ADAU-da həyata keçirilmişdir (22.02.2022, StarRegistr, ABŞ). Hesab edirik ki, məqalədə tətbiq təcrübəsinə əsaslanan məlumatların təqdim edilməsi aidiyyəti sahədə çalışan mütəxəssislər üçün maraqlı olacaqdır.

Tədqiqatın metodları

Məqalə hazırlanarkən empirik, nəzəri, kəmiyyət və keyfiyyət tədqiqat metodlarından istifadə edilmişdir. Empirik tədqiqat metodları kimi müxtəlif məlumat mənbələrinin öyrənilməsi, alınan məlumatların təhlili, müşahidə, təcrübə və sorğu metodlarından istifadə edilmişdir. Nəzəri metodlarıdan isə təhlil, sintez, təsnifat, analogiya və abstraksiya metodlarına üstünlük verilmişdir.

Kəmiyyət metodlarından statistik təhlillərə, keyfiyyət metodlarından isə ekspert müsahibəsinə diqqət ayrılmışdır.

ISO 21001:2018 standartının tətbiqinin məqsədləri və prinsipləri

ISO 21001:2018 keyfiyyət idarəetmə sistemlərinin inkişafı və tətbiqi üçün istənilən növ təşkilatlar tərəfindən geniş istifadə olunan ISO 9001:2015 standartına [3] qismən oxşar olan, təhsil təşkilatları üçün idarəetmə sistemlərinə tələbləri müəyyən edən bir standartdır. ISO 21001 standartının ISO 9001-dən fərqli xüsusiyyətləri onların əsaslarını təşkil edən müddəaların (prinsiplərin) müqayisəsi ilə aşkar edilir. ISO 9001 standartının yeddi prinsipi də daxil olmaqla ISO 21001-də prinsiplərin sayı on beşə çatdırılıb. Yeni müddəalar arasında sosial məsuliyyət, əlçatanlıq və ədalət, təhsildə etik davranış, təhlükəsizlik və məlumatların qorunması kimi prinsiplərin yer almasını qeyd etmək olar. ISO 9001 daha çox biznes mühitinə yönəlik, ISO 21001:2018 isə təhsil təşkilatlarında xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, fəaliyyət proseslərini effektiv idarə etmək və maraqlı tərəflərin gözləntilərini qarşılamaq üçün xüsusiləşdirilmiş bir alətdir.

ISO 21001:2018 standartının tələbləri ölçüsündən, pilləsindən və təqdim edilən təhsil xidmətlərinin sayı və növündən asılı olmayaraq bütün təhsil müəssisələri üçün nəzərdə tutulub.

Göstərilən standartın ali təhsil müəssisələrində tətbiqi və müvafiq sertifikatın əldə edilməsi zərurəti bir çox səbəblərə bağlıdır. Bu səbəblərdən əsas olanlar aşağıdakılardır:

  • təhsil sahəsində rəqabətin artması;
  • təhsilalanların özləri tərəfindən təhsil xidmətlərinin keyfiyyətinə tələblərin sərtləşdirilməsi;
  • Azərbaycanın Avropa təhsil məkanına daxil olması (Bolonya Bəyannaməsinin [1] həyata keçirilməsi - hər bir universitetdə təhsilin keyfiyyətinin təmin edilməsi və ona nəzarət sisteminin yaradılması);
  • təhsilalanlar və cəmiyyət qarşısında universitetin nüfuzunun artırılması;
  • keyfiyyət sahəsində proses yanaşması, səlahiyyət və vəzifələrin rasional bölüşdürülməsi yolu ilə universitetin idarəedilməsinin səmərəliliyinin artırılması və s.

ISO 21001:2018 standartının tətbiq məqsədləri aşağıdakı prinsiplər üzərindən daha aydın şəkildə ifadə olunur:

  1. təhsilalanların və digər faydalananların ehtiyaclarına yönümlülük;
  2. təhsilə yönümlülük;
  3. rəhbərliyin təxminləri;
  4. təhsilalanların və maraqlı tərəflərin iştirakı (proseslərə cəlb edilməsi);
  5. proses yanaşması;
  6. inkişaf (yaxşılaşdırma, təkmilləşdirmə);
  7. sübutlara əsaslanan qərarvermə;
  8. kənar təşkilatlarla əlaqələrin idarəedilməsi;
  9. sosial məsuliyyət;
  10. əlçatanlıq və ədalət;
  11. təhsildə etik davranış;
  12. məlumatların təhlükəsizliyi və qorunması;
  13. vahid yanaşma;
  14. uyğunlaşma;
  15. genişlənmə.

Göstərilən müddəalar 2000-ci ildə Helsinki şəhərində Bolonya prosesi ölkələri tərəfindən təsis edilən ENQA - Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Şəbəkəsi (European Network for Quality Assurance in Higher Education) təşkilatının qəbul etdiyi “Ali Təhsilin Keyfiyyət Təminatı üzrə Avropa Standartları və Təlimatları (ESG)” (“European Standards and Guidelines for Quality Assurance of Higher Education”) adlı sənədində Ali təhsilin keyfiyyətinə irəli sürülən aşağıdakı tələblərlə birbaşa uzlaşır:

  • Keyfiyyətin təmini üzrə təsdiqlənmiş siyasət və prosedurlar olmalıdır;
  • Tədris proqramlarının monitorinqi və təkmilləşdirilməsi fasiləsiz xarakter almalıdır;
  • Tələbələrin qiymətləndirilməsi prosesi daim təkmilləşdirilməlidir;
  • Müəllim personalının keyfiyyəti təmin edilməlidir;
  • Tədris prosesində tələbələr zəruri resurslarla təmin edilməlidir;
  • Məlumatların (tədris, davamiyyət, universitetin məzunlarına əmək bazarında tələbat, sorğuların nəticələri ) toplanılması, emalı və təhlili təmin edilməlidir;
  • Cəmiyyətə açıqlıq (fəaliyyət şəffaflığı) təmin edilməlidir.

Digər idarəetmə standartları kimi, ISO 21001:2018 standartı da bütün proseslərin PDCA (Planlaşdır-icra et-yoxla-tədbir gör və ya ingilis dilində plan-do-check-act) yanaşmasına əsaslanır.

Standartın ADAU-da tətbiqi təcrübəsinin təhlili

ADAU-da ISO 21001:2018 standartının tələblərinin tətbiqi zamanı ilk addım kimi universitetin fəaliyyət göstərdiyi xarici və daxili mühit (kontekst) təhlil edilmişdir. Kontekstin müəyyən edilməsi təşkilatın öz məqsədlərinə və nəzərdə tutulan nəticəsinə/nəticələrinə nail olmaqla bağlı qabiliyyətinə təsir edən xarici və daxili təsirlərin müəyyən edilməsidir. Xarici kontekst dedikdə beynəlxalq, milli, regional və ya yerli hüquqi, texnoloji, rəqabət, bazar, mədəni, sosial, siyasi, iqtisadi və ekoloji amillər nəzərdə tutulur. Daxili konteksti başa düşmək təşkilatın dəyərləri, mədəniyyəti, biliyi və fəaliyyəti ilə əlaqəli məsələləri nəzərdən keçirməklə asanlaşdırıla bilər. Göstərilən tələbləri həyata keçirmək üçün ADAU-nun rəhbərliyi tərəfindən SWOT və PEST təhlili metodologiyalarından istifadə edilmişdir. Standartın tələblərinə görə, kontekstin müəyyən edilməsi sonda strateji istiqamət, təşkilati missiya və ya vizyon kimi sənədləşdirilmiş məlumatlar vasitəsilə ilə ifadə edilməlidir. Aparılmış təhlillər nəticəsində ADAU-nun aşağıda göstərilən 8 istiqamət üzrə strateji məqsədləri formalaşdırılmışdır və bu məlumatların əlçatanlığını təmin etmək məqsədilə universitetin saytında yerləşdirilmişdir [8].

  1. Təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi;
  2. Tələbəyə və onun inkişafına fokuslanma;
  3. Tədqiqat üçün yaradıcı, təşəbbüskar və beynəlxalq tələblərə cavab verən mühitin formalaşdırılması;
  4. Beynəlxalq rəqabətliliyin artırılması;
  5. Rəqəmsallaşma və innovativ həllərin tətbiqi;
  6. İş mühiti və əmək şəraitinin yaxşılaşdırılması;
  7. İnfrastrukturun gücləndirilməsi və dayanıqlığın təmin edilməsi;
  8. Sosial məsuliyyət hissinin və ictimai nüfuzun artırılması.

Hər bir strateji məqsəd üzrə müddət və məsuliyyət baxımından tədbirlər planlaşdırılmış və ADAU-nun 2021-2025-ci illər üzrə İnkişaf Strategiyası formalaşdırılmışdır. Göstərilən sənəd hazırlanarkən standartın 6.2-ci maddəsinin aşağıdakı əsas tələbləri nəzərə alınmışdır:

  • nə ediləcək;
  • hansı resurslar tələb olunacaq;
  • kim cavabdehlik daşıyacaq;
  • bu fəaliyyətlər nə vaxt bitəcək;
  • nəticələr necə qiymətləndiriləcək.

ISO 21001:2018 standartının vacib tələbləri sırasına təhsil təşkilatının fəaliyyəti ilə bağlı maraqlı tərəflərin müəyyən edilməsi, onların ehtiyac və gözləntilərinin başa düşülməsi daxildir. Maraqlı tərəflərə təhsilalanları (tələbələr, magistrantlar, doktorantlar), təşkilatın işçilərini və digər fayda alanları aid etmək olar. Bu tələb təşkilatın məqsədlərinə nail olmasına təsir edən bütün iştirakçıların maraq və gözləntiləri nəzərə alınaraq fəaliyyətin dayanıqlı və davamlı əsaslar üzərində qurulması zərurətindən irəli gəlir. Aşağıdakı cədvəldə ADAU-nun fəaliyyəti ilə bağlı maraqlı tərəflər və onların gözləntilərini əks etdirən məlumatlar göstərilmişrir:

Standartın tələbləri arasında təşkilat üçün zəruri olan fəaliyyət prosesləri və onların qarşılıqlı əlaqəsi də daxil olmaqla əhatə dairəsi müəyyən edilmişdir (Şəkil 1). Bu zaman əsas, köməkçi və idarəetmə proseslərinin sərhədləri dəqiq təyin edilmişdir.

Proseslərin ümumi əlaqə sxemi ilə yanaşı, standartın tələblərinə uyğun olaraq onun tərkibində yer alan hər bir prosesin:

  • girişləri və gözlənilən çıxışları müəyyən edilmış;
  • effektiv işləməsi və idarəedilməsi üçün zəruri olan meyar və metodlar (izləmə, ölçmələr və müvafiq performans göstəriciləri də daxil olmaqla) müəyyənləşdirilmiş və tətbiq edilmişdir;
  • zəruri resurslar müəyyən olunaraq onların əlçatanlığı təmin edilmişdir;
  • daxilində səlahiyyət və məsuliyyətlər təyin edilmişdir.

Yuxarıda göstərilən tələbləri nəzərə alaraq layihə çərçivəsində İşçi Qrupu tərəfindən 17 (on yeddi) prosesin “pasportu” hazırlanmışdır. Həmin pasportlara hər bir proses üzrə onun qrafik təsviri və məlumat kartı daxil edilmişdir. Aşağıda nümunə olaraq sorğuların keçirilməsi prosesinin pasportuna daxil olan məlumat kartını təqdim edirik:

Standartın tələblərinə uyğunluğu təmin etmək üçün universitet risk və imkanlarla bağlı fəaliyyətləri planlaşdırmalı və həyata keçirməlidir. Risk və imkanların müəyyən edilməsi və nəzərə alınması təhsil müəssisəsinin idarəetmə sisteminin effektivliyinin artırılması, yaxşılaşdırılmış nəticələrə nail olunması və mənfi təsirlərin qarşısının alınması üçün zəmin yaradır.

ADAU-da risk və imkanların müəyyən edilməsi ISO 31000:2018 beynəlxalq standartının tələbləri əsasında [5] həyata keçirilib. Risklərin təhlili və qiymətləndirilməsi işləri isə kəmiyyət və keyfiyyət göstəricilərindən istifadə etməklə IEC 31010:2019 standartının tövsiyə etdiyi müxtəlif metod və modellər [6] əsasında yerinə yetirilmişdir. ADAU-nun risklərinin təhlil və qiymətləndirmə metodları seçilərkən aşağıdakılar nəzərə alınmışdır:

  • risklərin mürəkkəbliyi və miqyası;
  • metod və modellərin istifadə olunmasının məqsədi və əhəmiyyəti;
  • metod və modellərdə istifadə edilən yanaşmaları;
  • zəruri məlumat bazasının mövcudluğu;
  • məlumattoplama sistemlərinin adekvatlığı;
  • işçi və mütəxəssislərin sahə üzrə təcrübə və bilik səviyyələri.

Təhsil sistemində fəaliyyət sahələrinin müxtəlifliyini və mürəkkəbliyini, eyni zamanda risk yanaşmasının professor-müəllim və inzibati heyət arasında əlçatan üsullarla yayılması zəruriliyini nəzərə alaraq risklərin təhlili və qiymətləndirilməsi üçün nəticələrin şiddətini və başvermə ehtimalını birləşdirən L tipli matrisanın [6] istifadəsi məqsədəuyğun sayılmışdır. Göstərilən yanaşmalar ümumiləşdirilərək “ADAU/İP/04 Risklərin idarəedilməsi” prosedurunda cəmləşdirilərək tətbiq üçün təsdiq edilmişdir.

Prosedurun tələblərinə uyğun olaraq risklər müəyyən olunmuş, qruplaşdırılmış, təhlil edilmiş və qiymətləndirilmişdir. Göstərilən mərhələlər yekunlaşdırılandan sonra risklərin aradan qaldırılması və ya azaldılması üzrə tədbirlər planının hazırlanması üçün aşağıdakı fəaliyyətlər yerinə yetirilmişdir:

  • Risk amillərinin və onların neytrallaşdırılması üzrə tədbirlərin müqayisəsi;
  • Konkret problemin mümkün həll variantlarının üzə çıxarılması;
  • Qəbul edilməsi nəzərdə tutulan həll və qərarların tətbiqi nəticəsində baş verə biləcək potensial nəticələrin və kənar effektlərin müəyyən edilməsi.

Cədvəl 2-də yuxarıda göstərilən mərhələnin nəticəsi kimi ADAU-da risklərin idarəedilməsi üzrə tədbirlər planının qısaldılmış versiyası verilmişdir.

ADAU-da risklərin idarə olunması üzrə fəaliyyətlər həyata keçirilərkən aşağıdakı vəzifələrin həll edilməsi zərurəti diqqət mərkəzində saxlanmışdır:

  • təşkilati strukturun bütün səviyyələri arasında effektiv əlaqə və informasiya axınlarının təmini;
  • məsuliyyət və səlahiyyətlərin dəqiq müəyyənləşdirilməsi;
  • universitetin məruz qala biləcəyi risklər barədə ali rəhbərliyin və struktur vahidlərinin daimi məlumatlandırılması;
  • universitetdaxili risk mədəniyyətinin formalaşdırılması.

Yeniliklər arasında uyğunsuzluqların aşkarlanması və qeydə alınması prosesini asanlaşdırmaq məqsədilə onların üç əsas qrupa bölünərək təsnifləşdirilməsini qeyd etmək olar. Aşağıdakı cədvəldə bəzi uyğunsuzluqların müxtəlif istiqamətlər üzrə təsnifatı təqdim edilir:

Eyni zamanda tətbiq edilmiş yenilik kimi aşkarlanmış uyğunsuzluqların qeydiyyatı, təhlili və aradan qaldırılması üzrə fəaliyyətlərin “8 T” modeli əsasında həyata keçirilməsini göstərmək olar. Mövcud alətlərlə müqayisədə göstərilən model (Təyin, Təsvir, Təhlil, Təklif, Təsdiq, Tətbiq, Təqib, Təsir) aşkarlanmış və qeydiyyata alınmış uyğunsuzluqların daha ardıcıl, dəqiq və dərin analizə məruz qalaraq onları yaradan səbəblərin müəyyən edilməsi və optimal surətdə aradan qaldırılması üzrə tədbirlərin müəyyən edilməsi, tətbiqi və tətbiqdən sonrakı səmərəliliyinin izlənilməsi baxımından daha effektiv sayıla bilər.

Standartın 5.1.2 maddəsinə uyğun olaraq təhsil təşkilatı təhsilalanların və digər maraqlı tərəflərin məmnunluğunun artırılması üçün onların tələblərinin müəyyənləşdirilməsini və yerinə yetirilməsini təmin etməlidir. ADAU-da maraqlı tərəflərin mütəmadi olaraq münasibət və istəklərinin müəyyən edilməsi və təhlilinin aparılması ilə əlaqədar sorğuların keçirilməsi prosesinin pasportu hazırlanmışdır (ADAU/PP/14). Vacib istiqamət kimi təhsilalanların əsas qisminin - bakalavr və magistrlərin arasında daimi olaraq tələbə məmnunluq sorğusunun keçirilməsini xüsusi ilə qeyd etmək olar [9]. Eyni zamanda maraqlı tərəflərin də məmnuniyyəti əsasən sorğuların keçirilməsi ilə müəyyən edilir. Sorğular rektor tərəfindən təsdiq edilmiş plan (ADAU/F/12 formalı plan) əsasında həyata keçirilir. Hər bir sorğunun nəticəsi hesabatlarda əks olunur (ADAU/F/13 formalı sorğu hesabatları). Müştəri məmnuniyyətinin öyrənilməsi üzrə tədbirlər və onların yekunları illik hesabatda öz əksini tapır (ADAU/F/11 formalı yekun hesabat). Layihənin tətbiqi dövründə keçirilmiş sorğular barədə məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Eyni zamanda ADAU-da təhsilalanların və maraqlı tərəflərin şikayət və müraciətlərinin qəbulu üçün ənənəvi vasitələrlə (məktubların, teleqramların poçt vasitəsi ilə göndərilməsi və ümumi şöbədə qeydiyyatı nəzərdə tutulur) yanaşı sayt və “WhatsApp” qrupları vasitəsi ilə operativ müraciət kanallarından geniş istifadə olunur [10].

Qarşıya qoyulan vacib məsələlərdən biri ISO 21001:2018 standartının tələblərinin tətbiqinin ADAU-nun mövcud idarəetmə sisteminə və cari fəaliyyətinə əlavə gərginlik gətirmədən həyata keçirilməsini təmin etmək zərurəti idi. Standartın tətbiqi əsasən ADAU-nun Tədris şöbəsi ilə birlikdə Keyfiyyətin təmini və strateji təhlil şöbəsi tərəfindən həyata keçirildi və bu yanaşma özünü doğruldaraq layihənin müsbət nəticələri sırasında özünə yer ala bildi. Standartın tələblərinin bir çox hallarda təhsil müəssisəsinin akkreditasiya tələbləri ilə eyni məzmunda olmasından irəli gələrək tətbiq edilən sistemin idarəedilməsi və nəzarət altında saxlanması funksiyalarının Keyfiyyətin təmini və strateji təhlil şöbəsi üzərində cəmlənməsi məqsədəuyğundur. Lakin standartın tələblərinin icrasından irəli gələn vəzifələr ADAU-nun iyerarxiyasının bütün səviyyələri ilə sıx bağlı olaraq digər vəzifəli şəxslər və struktur vahidləri üçün də konkret tələblər irəli sürür. Bununla əlaqədar olaraq universitet üzrə “İdarəetmə sisteminin tələblərinin icrası üzrə məsuliyyət, vəzifə və səlahiyyətlərin bölüşdürülməsi cədvəli” (ADAU/BS/02) hazırlanmışdır və aidiyyəti üzrə çatdırılmışdır.

Nəticə

Əlbəttə ki, bir məqalədə ISO 21001:2018 standartının tələblərinin ADAU kimi böyük və mürəkkəb bir təhsil müəssisəsində tətbiqi ilə bağlı bütün məqamların açıqlanması qeyri-mümkündür. Düşünürük ki, təqdim etdiyimiz materiallar oxşar layihələrin digər təhsil müəssisələrində tətbiqi zamanı nəzərə alına bilər.

Ümumiyyətlə ISO 21001:2018 standartının tətbiqi təhsil təşkilatlarında təhsilin məzmununun və texnologiyalarının təkmilləşdirilməsi, təhsil xidmətlərinin keyfiyyətinin təmin edilməsi sisteminin inkişafı, təhsil sistemində idarəetmənin səmərəliliyinin yüksəldilməsi və təhsil sahəsində iqtisadi mexanizmlərin təkmilləşdirilməsi üçün imkanlar açır.

ISO 21001:2018 standartının tələblərinin Azərbaycan Dövlət Aqrar Universitetində tətbiqi ilk növbədə strateji planlaşdırma, risklərin idarəedilməsi, akkreditasiya tələblərinə uyğunluğun təmin olunması, tədrisin planlaşdırılması, idarəedilməsi və qiymətləndirilməsi, zəruri təhsil infrastrukturunun idarəedilməsi, düzəldici və qabaqlayıcı fəaliyyətlərin daha səmərəli həyata keçirilməsi üçün ciddi zəmin yaratmışdır.

ISO 21001:2018-in tətbiqinin nəticələrini dərhal qiymətləndirmək mümkün olmayacaq. Lakin zaman keçdikcə bu standart təkcə ayrı-ayrı təhsil təminatçılarına deyil, eyni zamanda təhsil sektoruna və bütövlükdə iqtisadiyyata əhəmiyyətli fayda verə bilər.

Ədəbiyyat

  1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı şəhəri, 19 iyun 2009-cu il № 833- IIIQ, https://www.e-qanun.az/
  2. ISO 21001:2018 Educational organizations - Management systems for educational organizations - Requirements with guidance for use. https://www.iso.org/standard/
  3. ISO 9001:2015 Quality management systems - Requirements, https://www.iso.org/
  4. The Bologna Declaration, www.ehea.info, 19.06.1999
  5. ISO 31000:2018 Risk management – Guidelines, provides principles, framework and a process for managing risk. https://www.iso.org/iso-31000-risk-management
  6. IEC 31010:2019, Risk management - Risk assessment techniques. https://www.iso.org/iso-31000-risk-management
  7. Обзор типовых организационных структур университетов. https://euroasia-science.ru/tehnicheskie-nauki/
  8. http://adau.edu.az/haqqimizda/nkiaf-stratgiyası-665/
  9. http://www.adau.edu.az/telebe_memnunluq_sorgusu/
  10. http://adau.edu.az/contacts/

Qalib Qabil oğlu Şərifov, i.ü.f.d.
“Aqrar tədarük və təchizat” ASC-nin Keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri, ADAU-da ISO 21001:2018 standartının tətbiqi üzrə İşçi Qrupunun üzvü

e-mail: galib.sharifov@att.gov.az

Partners