Keyfiyyət üzrə məqsədlər və onların düzgün formalaşdırılması

Keyfiyyət üzrə məqsədlərin düzgün formalaşdırılması

Keyfiyyət üzrə nəticələrin ölçülməsinin vacibliyi (məqsədin təyinində)

Hazırda bir çox mütəxəssislər ISO 9001:2015 standartının maddələrini tam və aydın şəkildə başa düşdüyünü zənn edir, lakin standartda mübahisə doğuran elə məqamlar var ki, onlar üzrə nə vahid fikir, nə də dəqiq bir tövsiyə yoxdur. Məsələn:

  • keyfiyyət üzrə məqsədlərin ölçülə bilən olması;
  • proseslərin məqsədlərinin təyin edilməsinin zəruriliyi və məqsədəuyğunluğu;
  • proseslərin məqsədlərinin seçilməsi;
  • keyfiyyəti idarəetmə sisteminin (KİS) proseslərinin və bütövlükdə KİS-nin səmərəliliyi və effektivliyi;
  • KİS proseslərinin və bütövlükdə KİS-nin davamlı yaxşılaşdırılması.

Keyfiyyətin idarə olunmasına vahid yanaşmanı təbliğ edən ISO 9001:2015 standartının 6.2.1 maddəsində keyfiyyəti idarəetmə sistemi üçün zəruri olan müvafiq funksiya, səviyyə və proseslərə yönəlik keyfiyyət üzrə məqsədlərin müəyyən edilməsinə dair tələb vardır. Həmin maddəyə görə keyfiyyət üzrə məqsədlər ölçülə bilən və keyfiyyət üzrə siyasətə uyğun olmalıdır. Lakin standartın özündə bu məqsədlərin ölçülməsi ilə bağlı dəqiq və geniş izahat verilmədiyindən, həmçinin hər hansı bir nümunə göstərilmədiyindən mütəxəssislər qeyd olunan məqsədlərin nədən ibarət olduğunu müəyyənləşdirərkən, yalnız öz təcrübə və biliklərinə arxalanmalı olurlar. Proses yanaşması terminologiyasına əsaslanaraq ölçülə bilən məqsədlərin özündə nəyi ehtiva etdiyini və mütəxəssislər tərəfindən necə başa düşüldüyünü nəzərdən keçirək.


Keyfiyyət üzrə məqsədlərin ölçülə bilən olmasının nə demək olduğunu başa düşmək üçün “keyfiyyət üzrə məqsədlər” anlayışına diqqət yetirək.

Standartın tələbinə görə keyfiyyət üzrə məqsədlər:

  • keyfiyyət üzrə siyasətə uyğun olmalı;
  • ölçülə bilən olmalı;
  • tətbiq oluna bilən tələbləri nəzərə almalı;
  • məhsul və xidmətlərin uyğunluğu və müştəri məmnuniyyətinin artırılması baxımından müvafiq olmalı;
  • izlənilə bilməli;
  • bəyan edilməli;
  • müvafiq qaydada yenilənməlidir.

Keyfiyyət üzrə məqsədlərə nail olmanın əsas göstəricisi həyata keçirilən tədbirlərin müvafiq nəticələr verməsidir. Beləliklə, məqsədə çatmanın yoxlanılma (nəzarət, qiymətləndirmə) imkanının mövcudluğu onun ölçülə bilən olmasını mümkün edir. Daha dəqiq desək, keyfiyyətə nail olunması (nail olunma dərəcəsi) yoxlanıla bilən məqsədi ölçülə bilən məqsəd hesab etmək olar.

İndi belə bir suala cavab tapmaq lazımdır: əldə olunmasını yoxlaya (nəzarətdə saxlamaq, qiymətləndirmək) bilmək üçün keyfiyyət üzrə məqsəd necə təqdim olunmalıdır?


Keyfiyyət üzrə məqsədi iki halda ölçülə bilən hesab etmək olar:

  • məqsəd - (aşkar və ya qeyri aşkar şəkildə) “göstəricinin məqsəd qiyməti” adlanan hər hansı göstəricinin qiyməti ilə təqdim edilmişdir (birinci qrupun məqsədi);
  • məqsəd – “x” müddətində baş verməli olan hadisədən ibarətdir (ikinci qrupun məqsədi).

Birinci qrupun məqsədlərini üç növə ayırmaq olar: mütləq, nisbi və müvəqqəti (müddət üzrə) məqsədlər.

Mütləq məqsəd - göstəricinin qiyməti (“göstəricinin məqsəd tutulan qiyməti”) ilə ifadə edilir.

Məsələn,

P=0,1 (P göstəricisinin qiyməti 0,1-ə bərabərdir);

PÎ[0; 100] (P göstəricisinin qiyməti [0;100] parçasında dəyişir);

P³300 (P göstəricisinin qiyməti 300-dən kiçik ola bilməz).

Nisbi məqsəd - göstəricinin qiymətini bilavasitə özündə əks etdirmir, ancaq nəzərdə tutur. Nail olunması müəyyən vaxtla məhdudlaşan nisbi məqsəd aşağıdakılarla ifadə oluna bilər:

  • nisbi növ göstəricinin qiyməti ilə;
  • mütləq artımla;
  • nisbi artımla;
  • rəqəmlərlə ifadə olunmamış artımla.

Müddət üzrə məqsədləri - qısamüddətli və uzunmüddətli məqsədlərə ayırmaq olar. Qısamüddətli məqsədlərə nail olunma müddəti rəhbərlik tərəfindən KİS-nin təhlil dövrünü aşmır. Nail olunma müddəti rəhbərlik tərəfindən KİS-nin təhlil dövrünü aşan məqsədləri uzunmüddətli məqsədlər adlandırmaq olar.

Qısamüddətli məqsədlər - “nail olunan” məqsədlər, uzunmüddətli məqsədlər isə “can atılan” məqsədlərdir. Prinsipcə, mütləq və nisbi məqsədlər də müddətli məqsədlərdir, çünki məqsədlərə nail olunma müddəti göstərilmədikdə onların icrasına nəzarət etmək mümkün deyil.

Qısamüddətli məqsədlər çox vaxt bir il üçün müəyyənləşdirilir. Bu, rəhbərlik tərəfindən KİS-nin təhlil müddəti ilə bağlıdır. Uzunmüddətli məqsədlər bir neçə il üçün müəyyənləşdirilir. Ancaq bu zaman məqsədlərə nail olunma istiqamətində irəliləyiş barədə hər il qərar vermək üçün müvafiq meyarlar müəyyənləşdirilməlidir. Uzunmüddətli məqsəd qısamüddətli məqsədlərin məcmusu olduqda uzunmüddətli məqsədin faizi şəklində nisbi məqsəd kimi yeni qısamüddətli məqsəd növü yaranır.

Keyfiyyət göstəriciləri subyektiv olaraq yüksək müəyyən edilərsə, bu halda onlardan istifadə çətinlik törədir. Ona görə də birinci qrup məqsədlərin qoyuluşunda kəmiyyət göstəricilərindən istifadə olunur.

İkinci qrup məqsədlər nöqtəvi xassələr üçün müəyyən edilir. Bu o deməkdir ki, proses (və ya KİS) bu xassəyə ya malikdir ya da yox (rəqəmsal şəkildə 1 və ya 0). Baxılan halda yalnız başlanılmasına nəzarət oluna bilən hər hansı hadisəni məqsəd hesab etmək olar. Məsələn, “KİS-nin 2021-ci ildə sertifikatlaşdırılması” ikinci qrup məqsəddir, çünki sertifikatlaşdırılmanın aparılması faktını sertifikatlaşdırma üzrə orqan tərəfindən verilmiş sertifikatla təsdiq etmək olar.

Yalnız birinci qrup üçün məqsədlərə nail olunma dərəcəsi barədə danışmaq olar. İkinci qrup üçün məqsədlərə nail olunma dərəcəsini hesablamaq olar, ancaq bu subyektiv, qərar qəbul edən konkret şəxsin fikrindən tam asılı olacaq.

Keyfiyyət üzrə düzgün formalaşdırılmamış (ölçülə bilməyən) məqsədlərin bəzi nümunələri cədvəl 2-də göstərilmişdir


Keyfiyyət üzrə məqsədlər müxtəlif səbəblərdən düzgün formalaşdırılmaya bilər, lakin onların içərisində əsasən iki səbəbə xüsusi diqqət yetirmək lazımdır:

  • ISO 9001:2015 standartının tələblərini düzgün başa düşülməməsi;
  • keyfiyyət üzrə məqsəd göstəricisinin düzgün seçilməməsi (nail olunmasına nəzarət etmək mümkün olmayan məqsədlər qoymaq).

Keyfiyyət üzrə düzgün formalaşdırılmamış (ölçülə bilməyən) məqsədləri (cədvəl 2) iki qismə bölmək olar:

  • konkret olmayan məqsədlər;
  • qeyri-korrekt formalaşdırılmış məqsədlər.

Konkret olmayan məqsədlər dedikdə məqsədin aid olduğu obyekti (KİS, istehsal həcmi, məhsulun keyfiyyəti, istehsalın stabilliyi və s.) xarakterizə edən göstəricilərin müəyyənləşdirilməməsi və ya bununla əlaqədar həyata keçirilməsi vacib olan işlərin görülməməsi başa düşülür.

Qeyri-korrekt məqsədlər - birinci qrupda göstəricinin mütləq qiyməti məlum olmayan məqsədlər və nailolma müddəti göstərilməmiş birinci və ikinci qrup məqsədlərdir.

Cədvəl 1. Keyfiyyət üzrə düzgün formalaşdırılmış ölçülə bilən məqsədlər.

Məqsədin növü

Məqsəd göstəricisinin ifadə olunma formaları

Məqsədlərin nümunələri

Mütləq

Göstəricinin qiyməti aşkar şəkildə ifadə edilmişdir

  • 2021-ci il oktyabrın sonuna qədər sifarişçilərlə bağlanmış müqavilələrin sayını 30-a çatdırmaq
  • 2021-ci ilin sonuna qədər “Araz” intellektual idarəetmə terminalının 10000 saat imtinasız işləməsini təmin etmək
  • Müəssisədə “Analitik nəzarət və ölçmə cihazlarının yaradılması” şöbəsinin 5 nəfər əməkdaşını ISO 9001:2015 standartının tələbləri üzrə təlim keçmələri üçün 2022-ci ildə Keyfiyyət Assosiasiyasına göndərmək

Göstəricinin qiyməti aşkar şəkildə ifadə edilməmişdir

  • 2022-ci ildə “Qamma” məmulatının qəbul-təhvil sınaqlarının aparılması zamanı yoxlanılmamış ölçmə vasitələrindən istifadə edilməsinə yol verməmək
  • 2022-ci ildə sifarişçilərlə bağlanmış müqavilələrə əməl olunmamasına və zay məhsul istehsalına yol verməmək

Göstəricinin qiymətlər diapazonu (məsələn,

___ dan ___ - a qədər,

ən azı ________ ,

ən çoxu ______ və s. kimi) göstərilmişdir

  • Modernləşdirilmiş “Nur”proqram-texniki kompleksinin 2021-2022-ci illər ərzində ən azı 200 neft quyusunda tətbiqini həyata keçirmək
  • 2022-ci il ərzində müəssisədə kadr axıcılığının xüsusi çəkisinin ən çoxu 1% olmasına nail olmaq
  • Modernləşdirmək hesabına, 2022-ci ildə “Alfa-1” cihazının ölçmə dəqiqliyini 0,1%-dən 0,01%-ə çatdırmaq

Nisbi

Göstəricinin nisbi qiyməti qeyd edilmişdir

  • 2022-ci ildə müəssisə tərəfindən yerinə yetiriləcək işin ümumi həcmində əmək haqqı fondunun xüsusi çəkisinin 35% olmasını təmin etmək
  • 2022-ci ildə sifarişçilərin bütün tələblərinə tam əməl olunmaqla başa çatdırılacaq istehsalın həcmində ixrac məhsullarının 20% olmasına nail olmaq

Göstəricinin qiymətinin mütləq artımı

  • “SİEMENS” şirkətində təlim keçmiş müəssisə əməkdaşlarının sayının 2022-ci ildə 5 nəfər artmasına nail olmaq
  • Müştərilərin tam məmnunluğu təmin edilməklə göstərilmiş texniki xidmətin həcmini 2022-ci ildə 2 milyon manat artırmaq

Göstəricinin qiymətinin nisbi artımı

  • 2022-ci ildə müəssisədə sifarişçilərin bütün tələblərinə tam əməl olunmaqla başa çatdırılacaq istehsalın həcminin 2021-ci ilə nisbətən 20% artmasına nail olmaq
  • 2022-ci ildə müəssisədə orta aylıq əmək haqqını 2020-ci ilə nisbətən 25% artırmaq

Göstəricinin rəqəmsal şəkildə ifadə edilməmiş qiymətinin artımı

  • 2022-ci ildə ixrac edilən məhsulun nomenklaturasını artırmaq
  • 2022-ci ildə partlayış təhlükəli sənaye obyektlərində işləməyə səlahiyyət əldə etmək üçün müvafiq treninqlərdə iştirak etmiş əməkdaşların sayının artmasının təmin olunması

Cədvəl 2. Keyfiyyət üzrə düzgün formalaşdırılmamış (ölçülə bilməyən) məqsədlər

Konkret olmayan məqsədlər

KİS-ni yaxşılaşdırmaq

Məhsulun keyfiyyətini yaxşılaşdırmaq

Məhsulun keyfiyyətinin stabil səviyyəsini təmin etmək

Tədqiqatların (işləmələrin, istehsalın, təmirin və s.) effektivliyini (məhsuldarlığını) yüksəltmək

Biliklərin səviyyəsini yüksəltmək

Resurslardan effektiv (səmərəli) istifadə etmək

KİS-ə çəkilən xərcləri azaltmaq

Qeyri – korrekt məqsədlər

Birinci qrupun hazırkı anda göstəricinin mütləq qiymətinə nail olunması məlum olmayan nisbi məqsədləri

Nail olma müddəti göstərilməmiş birinci və ikinci qrupun məqsədləri



Keyfiyyət üzrə məqsədlərin düzgün formalaşdırılmasını təmin etmək üçün (ISO 9001:2015 standartı nəzərə alınmaqla) rəhbərlərin və keyfiyyət üzrə menecerlərin aşağıdakılara xüsusi diqqət yetirmələri tövsiyə olunur.

1. Keyfiyyət üzrə məqsədlər keyfiyyət üzrə siyasətə uyğun olmalı, amma ona daxil edilməməlidir.

2. Keyfiyyət üzrə məqsədlər təşkilatın müvafiq bölmələrində və ona müvafiq səviyyələrində qoyulmalıdır.

3. Təşkilat praktiki olaraq bir-biri ilə qarşılıqlı əlaqədə olmayan və tamamilə kəsişməyən istiqamətləri inkişaf etdirən filiallardan, idarələrdən, departamentlərdən, struktur bölmələrdən, ibarət olduqda keyfiyyət üzrə məqsədlər həm bütün təşkilat üçün, həm də ayrı-ayrı filiallar, idarələr, departamentlər, struktur bölmələr üçün müəyyənləşdirilə bilər.

4. Keyfiyyət üzrə məqsədlər obyektiv və zəruri olmalıdır, məqsəd xatirinə məqsəd (məsələn, “ ildə 200 nəfər müvəqqəti işsizi işə qəbul etmək ”, "il ərzində sənədləşdirilmiş prosedurların ən azı 70%-nə yenidən baxmaq", “tam əməl olunmuş sifarişlərin sayını hər il 80% artırmaq ”, “keyfiyyət üzrə strategiyanı reallaşdırmaq ” kimi məqsədlər ) qoyulmamalıdır.

5. Keyfiyyət üzrə məqsədləri formalaşdırmaq üçün düzgün göstəricilər (həm kəmiyyətcə, həm də keyfiyyətcə) seçilməlidir.

6. Uzunmüddətli məqsəd kimi göstəricinin maksimum qiymətini seçmək, lakin eyni zamanda hər il qısamüddətli məqsədlər qoymaq lazımdır.

7. Qısamüddətli məqsəd kimi göstəricinin maksimum qiyməti seçilməməlidir, çox vaxt belə məqsəd nəzərdə tutulan müddətdə reallaşdırıla bilmir (göstəricinin maksimum qiyməti prinsipcə əlçatan olmaya da bilər).

8. Göstəricinin maksimum qiymətini qısamüddətli məqsəd seçdikdə KİS-nin bu məqsədə nəzərən effektivlik meyarları kimi məqsədə çatmanın müəyyən dərəcəsi seçilməlidir.

Partners