Keyfiyyəti idarəetmə

Keyfiyyətə mənfi təsir edən davranışlar

İstehsal və xidmətin keyfiyyət göstəricilərinin getdikcə aşağı düşməsinin mühüm səbəblərindən biri də təşkilatda keyfiyyətin təmin edilmə prinsiplərinə zidd olan irrasional davranışlardır. Təşkilati mədəniyyətə xas olan dəyərlərə, qrafiklərə, siyasi mülahizələrə keyfiyyətə nəzərən üstünlük verildikdə irrasional davranışların keyfiyyətsizlikdə xüsusi çəkisi artır. Müəssisədə “keyfiyyətsizlik toxumları” rolunu oynayan irrasional davranışlar sonradan rəhbərliyin keyfiyyətə münasibəti kəskin yaxşılaşsa belə, “cücərməkdə” davam etdiyindən, menecerlər keyfiyyətin aşağı düşməsinə zəmin yaradan inancları, üslubları, metodikaları araşdırmaqla vəziyyətin düzəlməsinə və ya təkrarlanmasının qarşısının alınmasına xidmət edəcək əsas amilləri müəyyənləşdirməyə məcbur olurlar. Başqa sözlə, təşkilati dəyərlərdə və inanclarda rəhbərlik və əməkdaşlar tərəfindən keyfiyyət baxımından buraxılmış səhvlərdə “tətik” rolunu oynayan səbəbləri axtarmaq və təhlil etməklə idarəetmənin təkmilləşdirilməsinə səy göstərirlər. Bu prosesin effektivliyinin təmin edilməsi əsasən aşağıdakılardan asılı olur:

  • prosesin vacibliyinin rəhbərlik və əməkdaşlar tərəfindən tam dərk olunmasından və dəstəklənmə səviyyəsindən;
  • təhlili aparanın işgüzarlığından, peşəkarlıq səviyyəsindən və digər şəxsi keyfiyyətlərindən;
  • müəssisədə əsas səbəblərin müəyyənləşdirilməsinin təşkili metodu və təsnifata salınma sistemindən;
  • təhlilin aparılma dərinliyindən.

Prosesə rəhbərlik edən menecer səriştəli olmaqla bərabər, təhlilə tənqidi yanaşmalı və təhlilin effektivliyinə zəmin yaradan aşağıdakı mühüm şərtlərə əməl etməlidir:

  • təhlil metodlarını düzgün seçməli və nəticələri sənədləşdirməlidir;
  • yaranan problemlərin əsas səbəblərinin kifayət qədər dərin və düzgün təsnifatını aparmalıdır;
  • ünsiyyətə girməyi bacarmalı, qərəzsiz olmalı, obyektiv məlumatlara istinad etməli, “insanın kainatda yeri” kimi ümumfəlsəfi suallara toxunmağa cəhd etməməlidir;
  • təhlili təşkilatın normal işinə real əngəl törədən səbəbləri aşkar etmək üçün zəruri olan dərinlikdə aparmalı, həddən çox uzağa getməməlidir.

Əsas səbəblər üzrə informasiyaların əldə edilməsinin təşkili, səbəblərin təsnifatı və adekvat metodlar əsasında təhlili idarəetmədə zəif nöqtələrin birbaşa üzə çıxarılmasına zəmin yaradır və təşkilatda müəyyən kateqoriyalı səbəblərdən yaranmış problemlərin diqqət mərkəzində olmasını təmin edir. Tədqiqat, hadisələrin əsas səbəbləri olmayan müşahidələr üzərində qurulduqda və rəhbərlik öz baxışlarına tənqidi yanaşmadıqda təhlil proseduru vaxtından qabaq dayandırıla bilər. Bu halda təşkilat yaranan problemlərin dərin səbəblərinin aşkar olunmamasından əziyyət çəkməkdə davam edəcək. Öz baxışlarını təhlil edib idarəetmə üçün əlverişsiz davranış formalaşdırdıqlarını başa düşməyənə və düzgün davranışın yaranması üçün səy göstərməyənə qədər rəhbərlik “tilsim”dən çıxmaq iqtidarında olmayacaq.

Problemlərin yaranma səbəblərinin kateqoriyalarını şərh etmək üçün “menecment sisteminin qeyri-adekvat nəzarəti”, “heyətin qeyri-adekvat hazırlığı”, “metodikaların qeyri-adekvat tətbiqi”, “qeyri-adekvat kommunikasiyalar” və s. kimi ifadələrdən qaçmaq məsləhətdir. Çünki, bu ifadələrin heç biri problemlərin əsil səbəblərini müəyyən etmədiyindən təhlil səhv nəticələrə aparıb çıxarır. Mövcudluğu sual altında qalan təşkilatda vəziyyətdən çıxmaq üçün həlledici addımlar atılması tələb olunduğu bir zamanda belə təhlilin tutarlı köməyindən danışmağa belə dəyməz.

Alabama Universitetinin direktoru, Amerika Keyfiyyət Cəmiyyətinin həqiqi üzvü, doktor Сon Dyu tərəfindən təklif edilmiş və keyfiyyət menecerləri üçün metodoloji praktiki baxımdan xüsusi əhəmiyyət kəsb edən sistemi əsas tutaraq, istehsal və xidmətlərin keyfiyyətinə ciddi mənfi təsir edən irrasional davranışları 7 kateqoriyaya ayırmaq olar Bu kateqoriyalar aşağıdakı şəkildə göstərilmişdir.

Büdcə mülahizələrinin keyfiyyətdən üstün tutulması - F.Krosbi və F.Qrayn tərəfindən işlənmiş fundamental keyfiyyət iqtisadiyyatı konsepsiyası ilə tanış olmamağın və ya bu konsepsiyanı mükəmməl dərk etməməyin nəticəsidir. Yəni, rəhbərlik keyfiyyətin təmin edilməsinin dəyərini ancaq təşkilatın büdcəsinin məxaric hissəsi kimi görür, keyfiyyətin təmin edilməsini müəssisənin mənfəətli işləməsinə nail olmağın ayrılmaz şərti hesab etmir və mühüm qərarları keyfiyyətin aşağı olmasının dəyərini nəzərə almayan ənənəvi mühasibat əsasında qəbul edir. Keyfiyyətin idarə olunması sahəsində böyük müvəffəqiyyətlərə nail olmuş mütəxəssislər müşahidə etmişlər ki, ali rəhbərlik keyfiyyət iqtisadiyyatının prinsiplərini düzgün başa düşmədikdə onlarda keyfiyyət, təhlükəsizlik, sağlamlığın qorunması və ətraf mühitin mühafizəsi sahəsində menecmentin effektivliyinə xələl gətirən rəngarəng irrasional davranışlar formalaşır və müəssisənin idarə olunması qeyri-effektiv məcraya yönəlir.

Müəssisədə keyfiyyətin təmin olunma prosesləri düzgün tətbiq olunduqda istehsal qrafiklərinə əməl olunmasında heç bir problem yaranmır.

İstehsal qrafiklərinə əməl olunmasını keyfiyyətdən üstün tutan və keyfiyyətsizliyi ən yaxşı halda sonrakı düzəldici fəaliyyətlə aradan qaldırmağı planlaşdıran təşkilat rəhbərləri istənilən işin birinci dəfədən düzgün yerinə yetirilməsinə vaxt sərf etməyin, müştərilərin iradlarında göstərilən nöqsanların aradan qaldırılmasına əlavə vaxt sərf etməkdən sərfəli olmasına əhəmiyyət vermirlər. Keyfiyyət problemlərini inkar edərək iş qrafiklərinin yerinə yetirilməsinə hədsiz aludəçilik əslində işin təyin olunmuş müddətdə və tələb olunan səviyyədə yerinə yetirilməməsinə gətirib çıxarır, cərimə ödənilməsi və satış həcminin azalması hesabına məhsulun maya dəyərinin artması ilə nəticələnir.

Təəssüf ki, keyfiyyətin lazımi səviyyədə olmamasında bəzən müəssisə rəhbərinin məsləhətçiləri də neqativ rol oynayırlar. Planlaşdırmaya və keyfiyyətin təmin edilməsinə artıq vaxt sərf etməməyi xüsusi “canfəşanlıqla” məsləhət görən belə “peşəkar” məsləhətçilər əslində, idarəetmənin effektivliyinə və müəssisənin ümumi mənafeyinə zərbə vurmuş olurlar.

Bəzən siyasi mülahizələrin keyfiyyətdən üstün tutulması səbəbindən idarəetmə qüsurlarının keyfiyyəti idarəetmə sisteminə mənfi təsirinin nəinki aradan qaldırılması, habelə keyfiyyətin aşağı olmasına zəmin yaradan mövcud problemlərin sadəcə müzakirə edilməsi belə praktiki cəhətdən mümkün olmur. Belə vəziyyəti məsələn, aşağıdakı səbəblər formalaşdıra bilər:

  • təşkilatda problemin mövcudluğunu göstərmək cəhdi karyera yüksəlişinə əngəl törədə bilər;
  • problemin mövcudluğunun etiraf olunması onun həlli üzrə əvvəlki səylərin üstündən xətt çəkməklə, əslində rəhbərliyin fəaliyyətinin uğursuzluğunu təsdiqləyir;
  • problemin müzakirəsi hər hansı mühüm şəxsiyyəti incidə bildiyindən problemin mövcudluğunun inkar edilməsinə üstünlük verilir;
  • problem yaxşı məlum olsa da, müəssisə barədə pis təəssürat formalaşmaması xatirinə problem müştərilərdən, alıcılardan və geniş ictimaiyyətdən gizlədilir;
  • problemlər barədə ucadan danışmağa cəsarət etmiş əməkdaşlar çox vaxt xəbərçi adlandırılır, birbaşa və ya dolayısı yolla cəzalandırılır.

Siyasi mülahizələrin keyfiyyətdən üstün tutulması E.Deminqin məşhur “təşkilatda qorxunu aradan qaldırmaq” çağırışına, qərəzsiz və vicdanlı daxili audit keçirilmə tələblərinə birbaşa ziddir. Siyasi problemlər aparıcı rol oynayanda problemlər artır, inkişaf edir, işə sadiq olan əməkdaşlar isə müəssisədən məyus olur və işdən çıxırlar.

Çox vaxt lovğalıqla dolu belə bəyanatlar eşidilir: “Bizim təşkilatda sahə üzrə ən yaxşı mütəxəssislər işləyir”; “Bizim əməkdaşlar ən yaxşı universitetlərin məzunlarıdırlar”; “Biz əsil cərrahlarıq ( fiziklərik, kimyaçılarıq və s.)”; “Biz sahədə nəhəng kompaniyayıq”; “Biz bu bizneslə 100 ildən çoxdur ki, məşğuluq”; “Ən yüksək təhlükəsizlik səviyyəsi bizdədir”; “Bu texnologiyaları biz tətbiq etmişik”; “Digər kompaniyalara nisbətən biz daha çox patent almışıq”; “Ən yaxşı təhsilli adamlar bizdə işləyirlər”; “Biz şəxsi təyyarələrdə uçuruq” və s. Təşkilat öz fəaliyyətini belə bəyanatlarla təqdim etməyə başlayan andan özü ilə öyünmə vəziyyətinə düşür. Bu vəziyyət isə keyfiyyət, təhlükəsizlik, sağlamlığın qorunması və ətraf mühitin mühafizəsi ilə bağlı ciddi problemlərin yaranmasına səbəb olur. Keyfiyyətlə bağlı ən böyük ümummilli problemlərin bəziləri əksər nəhəng şirkətlərdə lüzumsuz öyünmənin nəticəsidir. Təcrübə göstərir ki, məhz öyünmə insan amili ilə bağlı çoxlu tibbi xətaların, təyyarə qəzalarının, nəhəng ekoloji fəlakətlərin və s. səbəbinə çevrilir.

Fundamental biliklər kifayət etməsə də yeni sahədə gözlənilən nəticənin alınacağına tam əmin olmadan hazırlanmış layihələr - öyrənmək, tədqiqat aparmaq istəyi və gözlənilməz vəziyyətlərdə dəqiq fəaliyyət planı ilə müşayiət olunduqda müvəffəqiyyət qazana bilər. Fəaliyyətə başlamazdan qabaq tədqiqat aparılmaması, biliklərin artırılmaması və mümkün əlverişsiz nəticələrin qabaqcadan hərtərəfli nəzərə alınmaması isə riskə məruz qalmaq, arzuolunmaz nəticələri gözləmək deməkdir. Çernobıl AES-də nüvə reaktorunda operatorların icazəsiz təcrübə aparması nəticəsində baş vermiş qəza, qrunt sularının çirklənməsi ilə bağlı hadisələr, işləməyən yeni avadanlıqlar, binaların çökməsi – bütün bunlar korporativ mədəniyyətində sadalanan qusurlar hakim olan təşkilatların fəaliyyətlərinin nəticəsidir. Bu təşkilatlarda keyfiyyəti təmin etmək üçün təhlillə müşayiət olunan müstəqil yoxlamalar, sınaqlar, auditlər, ölçü cihazlarının kalibrləndirilməsinə nəzarət kimi təməl proseslər lazımsız və vaxt aparan iş hesab edilərək həyata keçirilmir.

Bəzi təşkilatlarda rəhbərlər tabeçiliyində olanların təşəbbüskarlığını, təşkilatın işində fəal iştirakını dəstəkləməklə idarəetmədə onların imkanlarına, intelektual və peşəkar potensialına arxalanır. Eyni zamanda işçilər tərəfindən ümumi məqsədlərin şəxsi məqsədlər kimi qəbul edilməsini stimullaşdırır. Belə üsuldan istifadə edən rəhbərlər tabeçiliyində olanların işçinə nadir hallarda qarışır. Bu korporativ təşkilat modeli bir çox hallarda əla işləyir və işçilər arasında inam və hörmət hisslərini möhkəmləndirir.

Avtoritar idarəetmə üslubunun tətbiqi aşağıdakı vəziyyəti formalaşdırır:

  • rəhbərlər tabeçilikdə olanlarla informasiya mübadiləsi aparmır;
  • qərarların qəbulunda tabeçilikdə olanların iştirakı təmin edilmir;
  • rəhbərlər tabeçilikdə olanlarla ünsiyyətdən və onların işlərini açıq qiymətləndirməkdən qaçır;
  • müəssisənin və özlərinin ümumi rifahlarını yaxşılaşdırmaq xatirinə kollektiv səy göstərilməsi rəhbərlər tərəfindən mükafatlandırılmır;
  • karyera yüksəlişində əməkdaşların işdə əldə etdikləri nailiyyətlər heç də həmişə həlledici olmur;
  • əməyin əmrlərlə təşkilinə üstünlük verilir.

Avtoritar idarəetmə - tabeçilikdə olanlarda əməyə yaradıcı, şüurlu münasibətin arxa plana düşməsinə, işçilərdə laqeydlik yaranmasına, ümumi mənafe üçün məsuliyyət hissinin zəifləməsinə və ya itməsinə səbəb olur. Bu şəraitdə keyfiyyət üzrə menecerlərin keyfiyyəti fasiləsiz yüksəltmək istiqamətində əməkdaşları kollektiv səy göstərməyə çağırışlarının da çoxunun nəticəsiz qalacağı əvvəlcədən məlumdur, çünki avtoritar idarəetmə üslubunun doğurduğu qəzəb və hiddət insanlara üstün gəlir.

Beləliklə, problem - keyfiyyət üzrə mütəxəssislərin ali rəhbərliyə verdikləri məsləhətlərdə yox, əslində rəhbərlərdə keyfiyyət iqtisadiyyatı üzrə fundamental biliklərinin yetərli olmamasında və onların keyfiyyətsizlik üçün münbit mühit formalaşdıran irrasional davranışlarında axtarılmalıdır. Nə qədər ki, rəhbərlər düşüncə və davranışları onların şəxsi baxışlarına müvafiq gələn icraçıları seçəcəklər, deməli mövcud korporativ mədəniyyətin neqativ elementləri öz-özünə dəyişməyəcək. Çünki səbəblərin təhlili - inkişafa can atan, ciddi öyrənilmə və təhlil edilmə obyekti olmağı arzulayan istənilən təşkilat üçün vacib prosesdir. Bu baxımdan keyfiyyətin aşağı düşməsinə, müştərilərin qismən itirilməsinə, bazardakı mövqeyin və nüfuzun zəifləməsinə gətirib çıxaran, baxışların, üslubların və s. yaranma səbəblərini müəyyən etmək üçün müəssisədə təhlili problemin xarakteri və miqyasına müvafiq səviyyədə aparmaq lazımdır.

Müəllif:
Daməd Əliyev

«Neftqazavtomat» EIM-də Keyfiyyəti Idarəetmə Sisteminin rəhbəri, fizika-riyaziyyat elmləri namizədi
“Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin tam üzvü

Ədəbiyyat

Джон Дью .Анализ причин "семи смертных грехов" менеджмента качества.. Журнал "Деловое совершенство" (№1, 2004).
Джон Дью . Диагностика и предупреждение неблагоприятных событий. Изд. Opus Communication, 2001.

Partners