Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən ISO 7101:2023 standartının təqdimatı keçirilib 

20 fevral 2025-cil tarixində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən ISO 7101:2023 Səhiyyə təşkilatının idarə edilməsi - Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri - Tələblər” adlı beynəlxalq standartın Azərbaycan dilinə tərcüməsinin təqdimatı mərasimi keçirilib.

Təqdimat mərasimində dövlət qurumlarının rəhbər və əməkdaşları, aidiyyatı sahənin mütəxəssisləri, özəl səhiyyə və tibb müəssisələrinin rəhbər şəxsləri iştirak edib.

Açılış nitqində tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Keyfiyyət Assosiasiyası tərəfindən tədbirin təşkilinə sponsorluğ edən BTL Azərbaycan, Arbitro Huquq şirkəti, Səhhət Azərbaycan Almaniya tibb klinikası, SEM Academy və Medic Schoola təşəkkür edilmişdir.

Tədbirdə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlu çıxış edərək rəhbərlik etdiyi təşkilatın 18 illik fəaliyyətindən, eyni zamanda həyata keçirdiyi layihə və tədbirlərdən danışıb. Assosiasiya sədri çıxışı zamanı tədbirin keçirilmə məqsədini, adı keçən standartın azərbaycan dilində hazırlanma zərurətini, onun müəssisələrimiz və mütəxəssislər üçün nəzəri və praktiki vəsait kimi əhəmiyyətini qeyd edib. S. Novruzlu həmçinin bu vəsaitin nəşrinə maliyyə dəstəyi göstərən qurumlara Keyfiyyət Assosiasiyası adından öz təşəkkürünü bildirib.

Daha sonra çıxış üçün söz Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Araz Nəsirova verilib. TƏBİB rəsmisi son illər ölkədə səhiyyə sahəsində həyata keçirilən islahatlardan, səhiyyənin inkişafına dövlət tərəfindən göstərilən qayğı və diqqətdən, yaradılan şəraitdən və bu istiqamətdə görülən işlərdən danışıb.

Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov çıxış edib. Millət vəkili çıxışı zamanı səhiyyənin inkişafı və problemləri ilə bağlı bir sıra vacib məsələlərə toxunub və ölkədə bu sahədə həyata keçirilən islahatlar və görülən tədbirlərdən danışıb. O, tibbi xidmətlərin keyfiyyətinin artırılmasının vətəndaşların sağlamlığının qorunması baxımından əhəmiyyətinin, əhaliyə göstərilən tibbi xidmətlərin müasir tələblərə uyğunlaşdırılması, beynəlxalq təcrübədə özünü doğrultmuş icbari tibbi sığortanın Azərbaycanda tətbiqinin vacibliyini, onun tibbi xidmətlərin əlçatanlığının təmin edilməsindəki müsbət rolunu və pasientlərin maraqlarına xidmət etdiyini iştirakçıların diqqətinə çatdırıb. Millət vəkili çıxışında Keyfiyyət Assosiasiyası tərəfindən hazırlanmış ISO 7101 standartının səhiyyə və tibb müəssisələrinin fəaliyyətinin standartlaşdırılmasına qatacağı dəyəri və bu cür təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin, səhiyyə sektorunda dövlət və özəl müəssisələri, eləcə də QHT təşkilatları arasında əməkdaşlığın vacibliyini vurğulayıb. O, eyni zamanda bu əməkdaşlığın nəticəsi olaraq mavafiq layihə və təkliflərin Milli Məclisə təqdim edilməsinin məqsədəuyğun olduğunu qeyd edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Təlim və Tədqiqatlar Departamentinin Rəhbəri Teymur Mirzəbəyli çıxış edib. O, sağlam cəmiyyətin formalaşmasında səhiyyənin rolundan, peşəkar tibbi kadrların hazırlanması sahəsində əldə edilən nailiyyətlərdən bəhs edib, səhiyyə və tibb müəssisələrində beynəlxalq standartların tətbiqinin vacibliyini qeyd edib.

Tədbirdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Layihələrin idarə olunması şöbəsinin rəhbəri Fəqan Həsənzadə və Azərbaycan Standartlaşdırma İnstitutunun direktor əvəzi Kəmalə Məmmədzadə çıxış ediblər. Hər iki çıxışçı adı keçən standartın xəstəxanalar, klinikalar və digər səhiyyə xidmətləri göstərən müəssisələr üçün universal tələblər toplusu kimi faydalı mənbə olacağını diqqətə çatdırıblar.

Daha sonra Keyfiyyət Assosiasiyasının səhiyyə müəssisələrində beynəlxalq standartların tətbiqi üzrə məsləhətçi, auditor və təlimçisi Günay Paşanın təqdimatında ISO 7101 beynəlxalq standartı, onun strukturu, məqsədi, hədəf auditoriyası, faydaları haqqında məlumat verilib.

Tədbirdə səhiyyə təşkilatlarında keyfiyyətin önəmi və beynəlxalq standartların tətbiqi mövzusunda maraqlı çıxışlar dinlənilib. Bu mövzuda ilk olaraq Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) İdarə Heyətinin Sədri Günel Əliyeva çıxış edib. ÖTMA sədri öz çıxışında özəl səhiyyə təşkilatlarında keyfiyyətin önəmini vurğulayaraq, onun planlaşdırılmış nəticələrə nail olunması işinə əhəmiyyətli töhfə verəcəyini bildirib. Bununla yanaşı, o rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, gördüyü işlər barədə iştirakçılara ətraflı məlumat verib və özəl səhiyyə təşkilatları arasında əməkdaşlığın zəruriliyini qeyd edib.

Tədbirdə Yeni Klinikanın Direktorunun iqtisadi məsələlər üzrə müavini Ravil Tağıyevin çıxışı maraqla dinlənilib. Klinikanın fəaliyyətində keyfiyyətin təmin edilməsi mövzusunda çıxış edən Direktor müavini keyfiyyət və idarəetmənin müxtəlif aspektlərinə və praktiki tətbiqi məsələlərinə toxunub və bunun göstərilən xidmətlərin və bütövlükdə idarəetmənin effektivliyinin artırılmasına birbaşa təsirini qeyd edib. O, keyfiyyətin təmin edilməsinin tibbi xidmətlərin əlçatanlığına və nəticədə yüksək pasient məmnuniyyətinə nail olunmasına imkan yaratdığını diqqətə çatdıraraq, səhiyyə sektorunda həyata keçirilən müsbət dəyişikliklərlə əlaqədar olaraq son illər dövlət səhiyyə və tibb müəssisələrində keyfiyyət məsələlərinə xüsusi önəm verildiyini bildirib.

Tədbirdə ölkəmizdə ilk dəfə ISO 7101 beynəlxalq standartını tətbiq etmiş “Səhhət” Azərbaycan-Almaniya tibb klinikasına və Oki Hospitalına sertifikatlar təqdim edilib. Sertifikatlar INCERT sertifikatlaşdırma şirkətinin direktoru Şamo Muradov tərəfindən təqdim edilib. Ş. Muradov “Səhhət” klinikasında və Oki Hospitalında keçirilən audit və sertifikatlaşdırma prosesindən bəhs edib.

Bundan sonra söz “Səhhət” Azərbaycan - Almaniya klinikasının direktoru Malik Kərimova verilib. O, çıxışında rəhbərlik etdiyi klinikada ISO 7101 standartının tətbiqi və onun faydaları barədə iştirakçılara məlumat verib.

Tədbirdə RDM ASC-nin Kliniki Farmakoloji şöbəsinin müdiri Xuraman Manafovanın Səhiyyə müəssisələrinin idarə edilməsində beynəlxalq standartların rolu, RDM təcrübəsi mövzusunda çıxış edib. O, təmsil etdiyi müəssisənin fəaliyyətindən, idarəetmədə beynəlxalq standartların tətbiqindən danışıb.

Təqdimat mərasimi maraqlı müzakirələr və iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

Tərəfdaşlar