“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi Veysəloğlu Şirkətlər Qrupu tərəfindən Təşəkkürnamə ilə təltif olunub

“Qida Təhlükəsizliyi Ayı” çərçivəsində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi və İNCERT MMC-nin birgə təşkilatçılığı ilə Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarına silsilə təlimlər keçirilmişdir. Göstərilən bu peşəkar dəstək və şirkətin fəaliyyətinə qatdığı dəyərli töhfə Şirkətlər Qrupu tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir. Təşəkkürnamə Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru cənab Aydın Talıbov tərəfindən Keyfiyyət Assosiasiyasının idarə heyətinin üzvü və İNCERT MMC-nin direktoru Şamo Muradova təqdim olunub.

10 iyul tarixində Veysəloğlu Şirkətlər Qrupu tərəfindən elan olunmuş “Qida Təhlükəsizliyi Ayı”na təntənəli tədbirlə yekun vurulub.

Tədbirdə qida təhlükəsizliyinin gücləndirilməsi istiqamətində beynəlxalq standartları uğurla tətbiq edən tərəfdaş müəssisələrin rəhbərləri, Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlıq etdiyi ali təhsil müəssisələrinin professor-müəllim heyəti, “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində yaxından əməkdaşlıq edilən assosiasiyaların rəhbərləri, şirkət əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru cənab Aydın Talıbov layihəni yüksək qiymətləndirərək vurğulayıb ki, qida təhlükəsizliyi təkcə texniki məsələ deyil – bu, şirkətin strateji prioriteti və eyni zamanda dərin etik dəyəridir. “Bu məsuliyyət həm də bizim vicdani öhdəliyimizdir,” – deyə o qeyd edib.

Tədbirdə qida təhlükəsizliyi sahəsində göstərdiyi nümunəvi fəaliyyətə görə fərqlənmiş əməkdaşlar və tərəfdaş təşkilatlar təltif olunublar.

Keyfiyyət Assosiasiyası olaraq Biz fəaliyyətimizə verilən yüksək dəyərə görə Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru cənab Aydın Talıbova və Şirkətlər Qrupunun fədakar kollektivinə dərin təşəkkürümüzü bildiririk.

Bu təltif bizim üçün sadəcə bir rəmz deyil, həm də uzun illər ərzində həyata keçirdiyimiz təşəbbüslərin, əməkdaşlıqların və qida təhlükəsizliyi sahəsində apardığımız maarifləndirici işlərin layiqincə dəyərləndirilməsidir.

Əminik ki, bu təşviq Keyfiyyət Assosiasiyasını gələcəkdə daha genişmiqyaslı və cəmiyyətə faydalı layihələrə ruhlandıracaq, eyni zamanda digər təşkilatlar üçün də nümunəvi bir çağırış olacaq.
Bir daha təşəkkür edir və əməkdaşlığımızın davamlı və uğurlu olacağına inanırıq.

Tərəfdaşlar