AZƏRBAYCANDA
KEYFİYYƏTİN SƏSİ

Rüşvətxorluğa Qarşı
Mübarizə Siyasəti

1. Məqsəd və Prinsiplər

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi (bundan sonra KAİB) öz fəaliyyətində şəffaflıq, dürüstlük və məsuliyyət prinsiplərini rəhbər tutur. Bu siyasətin məqsədi bütün rüşvətxorluğun formalarının qarşısını almaq, beynəlxalq standartlara (ISO 37001), Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq öhdəliklərə uyğun fəaliyyət göstərməkdir. KAİB rüşvətxorluğa qarşı sıfır tolerantlıq prinsipini qəbul edir.

2. Tətbiq Sahəsi

Bu siyasət KAİB-in İdarə Heyəti, işçilər, könüllülər, üzvlər, nümayəndələr, layihə tərəfdaşları və sponsorlar, təchizatçılar və xidmət göstərən tərəflərə şamil olunur.

3. Rüşvətə Yanaşma

Qadağandır: Hər cür rüşvət, komissiya, asanlaşdırma ödənişi, qeyri-rəsmi xidmət haqqı, hədiyyə və ya üstünlük təminatı. “Dəyəri olan hər şey”: pul, hədiyyə, qonaqpərvərlik, səyahət, bağış, xidmət, iş və ya digər fayda bu çərçivədə nəzərə alınır. Nağd ödənişlər və qeyri-rəsmi əməliyyatlar qəti şəkildə qadağandır.

4. Hədiyyə və Qonaqpərvərlik

Məqbul, simvolik dəyərli hədiyyələr yalnız İdarə Heyətinin öncədən təsdiqi ilə qəbul edilə bilər. Hökumət və dövlət qurumları ilə münasibətlərdə sıfır hədiyyə prinsipi tətbiq edilir. Bütün hədiyyə və qonaqpərvərlik hallarının qeydiyyatı aparılır.

5. Maraqlar Toqquşması

İşçi, üzv və ya idarə heyəti üzvü şəxsi maraqlarının KAİB-in maraqları ilə toqquşduğu halları dərhal bəyan etməlidir. Qohumluq, dostluq və şəxsi maraqlara əsaslanan qərar qəbuluna yol verilmir.

6. Bağışlar və Sponsorluq

KAİB yalnız ictimai fayda və nizamnamə məqsədlərinə uyğun ianə və sponsorluqları qəbul edir. Siyasi partiyalara, dövlət vəzifəli şəxslərinə və ya şəxsi faydaya yönələn hər cür ianə və sponsorluq qadağandır. Bütün ianələr şəffaf şəkildə sənədləşdirilir və illik hesabatda açıqlanır.

7. Üçüncü Tərəflərlə Münasibətlər

Təchizatçılar, podratçılar və tərəfdaşlarla əməkdaşlıqdan əvvəl Hərtərəfli Rüşvətxorluq Araşdırması (due diligence) aparılır. Müqavilələrə korrupsiyaya qarşı öhdəliklər və müqaviləni birtərəfli ləğvetmə hüququ daxil edilir.

8. İfşa və Şikayət Mexanizmi

KAİB hər kəsə korrupsiya və ya şübhəli halları anonim şəkildə bildirmə imkanı verir. Şikayətlərin araşdırılması üçün xüsusi Etik Xətt / elektron ünvan yaradılır. Bildirən şəxslərə qarşı qisas (qərəzli münasibət) qəti qadağandır.

9. Maliyyə və İdarəetmə Nəzarətləri

Eyni şəxsin ödənişə təşəbbüs göstərə və təsdiq edə bilməməsi üçün vəzifələrin ayrılması, təşkilatın müvafiq təsdiq mexanizmləri vasitəsilə ödəniş alanın və işin və ya xidmətin yerinə yetirildiyi faktının yoxlanılmasının təmin edilməsi, təsdiq edilmiş ödənişi müşayiət etmək üçün müvafiq təsdiqedici sənədlərin tələb edilməsi, nağd puldan istifadənin məhdudlaşdırılması və pul vəsaitlərinə effektiv nəzarətin həyata keçirilməsi, ödənişlərin dəqiq və başadüşülən təsnifatının və hesablarda müvafiq əks etdirilməsinin təmin edilməsi, əhəmiyyətli maliyyə əməliyyatlarının vaxtaşırı rəhbərliyin nəzərdən keçirilməsi.

10. Maarifləndirmə və Təlim

KAİB üzvləri və əməkdaşları üçün rüşvətxorluğa qarşı mütəmadi təlimlər keçirilir. Yeni işçilər və könüllülər üçün etik davranış və rüşvətxorluq ilə mübarizə təlimatı təqdim olunur.

11. Nəzarət və Sanksiyalar

Bu siyasətin pozulması intizam tədbirləri, KAİB üzvlüyündən çıxarılma və müqavilələrin ləğvi ilə nəticələnə bilər. Zəruri hallarda məsələ hüquq-mühafizə orqanlarına ötürülür.

12. İctimaiyyətə Açıqlama

KAİB illik fəaliyyət və maliyyə hesabatında rüşvətxorluğa qarşı görülən tədbirlər və müraciət statistikasını açıqlayır.

13. Təsdiq

Bu siyasət KAİB İdarə Heyəti tərəfindən qəbul edilmişdir və bütün əməkdaşlar, üzvlər və tərəfdaşlar üçün məcburidir.

Adı Soyadı: Samir Novruzlu

Vəzifə: “Keyfiyyət Assosiasiyası” İctimai Birliyin Sədri

Tarix: 01.10.2025

Tərəfdaşlar